realxeber.org

Deputat: “KTMT-nin Qazaxıstana qoşun yeritməsi üçün lazımi hüquqi əsas yoxdur”

7-01-2022, 21:36

Deputat: “KTMT-nin Qazaxıstana qoşun yeritməsi üçün lazımi hüquqi əsas yoxdur”

“Qazaxıstandakı hadisələrlə bəzi Qərb qüvvələrinin birbaşa əlaqəsinin olma ehtimalı yüksəkdir. Çox güman ki, Rusiya mövcud hadisələr fonunda Qərbin prosesi Rusiyanın əleyhinə istiqamətləndirmək cəhdlərini sezib. Ona görə də Rusiya və KTMT rəhbərliyi sülhməramlı qüvvələri Qazaxıstana yeritməklə Qərbin planlarını pozmağa çalışıb”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Rusiya qonşu dövlətdə baş verən qarşıdurma və iğtişaşlardan narahatdır: “Hələ KTMT qoşunları Qazaxıstana daxil olmamışdan əvvəl dünya mediası yazırdı ki, Qərbdəki bəzi dairələr Qazaxıstan hadisələrindən istifadə edirlər, proseslərin idarə olunmasında maraqlıdırlar və hadisələrdən öz maraqlarını təmin etmək üçün istifadə edirlər. İddia olunurdu ki, Qərb Qazaxıstandakı iğtişaşlardan istifadə edərək Rusiyaya yönəlik bəzi planlarını reallaşdırmağa çalışır. Lakin Kremlin bütün cəhdlərinə baxmayaraq, proseslər müəyyən müddətdən sonra Rusiya və KTMT-nin əleyhinə cərəyan edə bilər. Ümumiyyətlə KTMT-nin Qazaxıstana qoşun yeritməsi üçün lazımi hüquqi əsas yoxdur. Məhz bu amil gələcəkdə Rusiyanin əleyhinə istifadə oluna bilər”.

A.Nağıyevin fikrincə, KTMT tərəfindən Qazaxıstana qoşun yeridilməsi problemli məsələdir: “KTMT sülhməramlıları hər hansı bir üzv dövlətin ərazisinə yalnız o vaxt daxil ola bilər ki, həmin dövlətə qarşı hansısa digər dövlətin aqressiv hərəkətləri mövcud olsun. Belə olan halda, sülhməramlılar həmin dövlətdə sabitlik yaratmaq, onun təhlükəsizliyini təmin etmək üçün ölkə ərazisinə daxil ola bilərlər. Əgər bir müddətdən sonra ABŞ və ya digər Qərb dövlətləri Rusiyaya, KTMT-nin rəhbərliyinə qarşı sanksiyalar tətbiq etsə, həmin sanksiyaları müəyyən mənada ədalətli hesab etmək olar. Nəzərə almaq lazımdır ki, hazırda Qazaxıstana qarşı hansısa dövlətin birbaşa aqressiyası və ya təxribatının olması sübuta yetirilməyib".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 66}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]