realxeber.org

Müstəqil Azərbaycanın ilk prokuroru - İSMƏT QAYIBOV

22-11-2021, 20:51

Müstəqil Azərbaycanın ilk prokuroru - İSMƏT QAYIBOV

Müstəqil Azərbaycanın ilk Baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbovun xatirəsinə

Kimdir İsmət Qayıbov?

Qayıbov İsmət İsmayıl oğlu 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olub. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Bunun da gələcək prokurorun həyatında rolu böyükdür.

Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə alan gələcək prokuror, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirir.
1963-cü ildə əmək fəaliyyətinə başlamış, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1969-cu ildə Əli-Bayramlı Şəhər (indiki Şirvan) Komsomol Komitəsinin birinci katibi seçilmişdir.

1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir.

1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışmışdır.

İsmət Qayıbov Leyla adlı bir xanımla ailə həyatı qurur. Onların bu nikahdan iki övladı olur. Qızları Firuzə, oğlu isə İsmayıl Qayıbov. Maraqlı məqamlardan biri də, onların övladlarına qoyduğu adların ata-analarının adı ilə bağlıdır.

Müstəqil Azərbaycanın ilk prokuroru….

Onu əbədiləşdirən xüsusiyyətlərdən biri də, müstəqil Azərbaycanın ilk prokuroru olması məsələsidir. İsmət Qayıbov 1990-cı ilin avqustunda Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilir.Daha sonra isə müstəqillik əldə edən Azərbaycan Respublikasının ilk Baş prokuroru olur.Ancaq o bu vəzifədə cəmi bir il işləyə bilir.Vəzifəyə gəldiyi ilk gündən Azərbaycanın mənafeyini hər çeydən üstün tutan baş prokuror, erməni məsələsində də kifayət qədər ciddi idi. Bu səbəbdən də düşmən onu qara siyahıya salmışdı.

Müəmmalı ölümün açılmayan sirri….

Qısaca da olsa yaxın keçmişimizə, 20 noyabr 1991-ci ilə qayıdaq.

“20 noyabr 1991-ci il.... Həmin gün respublikamızı acı bir xəbər sarsıtdı. Hərbi vertolyot qəzaya uğrayıb, şəxsi heyətin və sərnişinlərin hamısı, Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri M. Əsədov, baş nazirin müavini Z. Hacıyev, deputatlar V. Məmmədov və V. Cəfərov, nazir müavini Q. Namazəliyev, Prezident Aparatında şöbə müdiri O. Mirzəyev, dövlət katibinin köməkçisi R. Məmmədov, telejurnalist A. Mustafayev, operator F. Şahbazov, işıqçı A. Hüseynzadə, DQMV prokuroru İ. Plavski, generallar R. Jinkin və V. Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi S. İvanov, Rusiya və Qazaxıstan müşahidəciləri M. Lukaşov, V. Koçerov, S. Serikov və heyət üzvləri V. Kotov, G. Domov, D. Yarovenko həlak olublar. Hamı eşitdiyi acı xəbərin sarsıdıcı təsiri altında oldugu bir vaxtda, hər kəsin əsəblərini bir az da gərginləşdirən daha bir xəbər: “Hərbi vertolyot dumanda dağa dəyib.” Halbuki qəza baş verən yerdə nə dağ var, nə də qayalıq...
Noyabrın 20-də həmin ərazinin nə dağında, nə aranında duman-çən olmayıb. Ağdam təyyarə vağzalının rəisi M. Məmmədov o vaxt müxbirlərlə söhbətində deyib:

-Noyabrın 20-də iki təyyarə qəbul etmişik. Deməli, havanın uçuş üçün əlverişsiz olması fikri tamamilə əsassızdır.

Ağdamın Mərzilli kəndi, Martuni rayonundakı Qarakənd kəndi ilə qonşuluqda yerləşir. Həmin gün “Bir May” kolxozunun çobanı Şəfa Babayev burada qoyun otarırmış. O, qəzanın necə baş verdiyini görən, bəlkə də yeganə şahiddir.

-Günorta üstüydü. Bir vertolyot Ağdamdan Martuni tərəfə uçurdu. Qəfildən güllə səsi eşitdim. İkinci güllədən sonra vertolyotun səsi dəyişdi, az sonra isə dəhşətli gurultu qopdu. Ara sıra güllə atılırdı. Çox keçmədən göyə qalxan alov dilləri göründü. Axırıncı güllə səsindən az sonra hadisə yerinin lap yaxınlığında bir maşın peyda oldu. O yerlərə yaxşı bələdəm. Vertolyot partlayan yerdən Qarakəndə torpaq yol uzanır. Yük maşını həmin yolla sürətlə kəndə tərəf gedirdi.

Hadisə olan yerdə nə hündür dağlar var, nə də sıldırım qayalar. Adicə təpəlikdir.

Daha bir cəhət: hadisə əvvəllər deyildiyi kimi 16-30-da deyil, günorta radələrində baş verib. Respublika prokurorluğu xüsusi istintaq qrupunun rəyi belədir.

Bir neçə gün idi ki, Martuni rayonunun Xocavənd kəndi erməni quldurları tərəfindən dağıdılmış, əhali kənddən qaçmaga məcbur olmuşdur. Azərbaycan Respublikasının dövlət katibi T. İsmayılov, dövlət müşaviri M. Əsədov, Prezident Aparatının şöbə müdiri O. Mirzəyev, jurnalist A. Mustafayev, deputatlar B. Məmmədov, B. Cəfərov və başqa rəsmi şəxslər də elə həmin gün, yəni noyabrın 20-də Bakıdan Ağdama gəlib, qaçqınlarla görüşüb, vəziyyətlə daha yaxından tanış olmaq məqsədilə Xocavəndə getməyi qərara alıblar. Fövqəladə vəziyyət rayonunun komendantı N. Jinkin, vilayət prokuroru İ. Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi V. Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi S. İvanov da elə bu məqsədlə Stepanakertdən (Xankəndi) Ağdama gəliblər. Baş prokuror İ. Qayıbov, nazir müavini Q. Namazəliyev isə artıq bir necə gün idi ki, Ağdamda idilər. Beləliklə, “Necə olub ki, bu qədər məsul adam eyni vaxtda, eyni vertolyotda olub?” Respublikanın və fövqəladə vəziyyət rayonunun məsul işçiləri, Rusiyanın və Qazaxıstanın müşahidəcilər qrupunun üzvləri Xocavəndə getmək, dağılmış, yandırılmış evləri öz gözləriylə görmək, müvafiq tədbirlər müəyyənləşdirmək istəyirdilər.
Ağdam rayonu icra hakimiyyətinin başçısı, hərbi vertolyotun partlaması səbəblərini təhqiq edən dövlət komissiyasının üzvü S. Verdiyevin dediklərindən:

-Qəzadan təxminən yarım saat əvvəl bir yerdə idik. Operativ müşavirə keçirtdik. T. İsmayılov Qaradağlı, Umudlu, Sırxavənd kəndlərinə də getmək istəyirdi. O, fövqəladə vəziyyət rayonunun komendantlığından regionda tezliklə qayda-qanun yaradılmasını, vilayətin quldur dəstələrindən təmizlənməsini tələb edirdi.
Respublika prokurorluğu istintaq idarəsi rəisinin müavini A. Ağayevin rəhbərlik etdiyi xüsusi istintaq qrupu artıq bəzi məsələləri aydınlaşdırmışdılar.

-Vertolyotda güllə yerlərinin olması şəksizdir, - deyə Ağayev məlumat verir.- Hələlik istintaq gedir. Hər şey diqqətlə araşdırılır. Xəbər verildiyi kimi, hərbi qulluqçuların və hüquq mühafizə orqanları əməkdaşlarının üstündə 12 tapança olmuşdur. Qəzadan iki gün sonra onlardan 4-ü tapılmışdır.
Müşahidələrimizə aydınlıq gətirə biləcək daha bir məsələ budur ki, erməni quldurlarının vertolyota atəş açmaları birinci dəfə deyil. Hərbi vertolyota isə, bəlkədə ilk hücumdur. Bəlkə də, onlar hərbi vertolyotda kimlərin getdiyini bilirdilər? Araşdırılmalı, aydınlaşdırılmalı çox məsələ var.

Müəmmalı “qara qutun”-nun qara taleyi….

Yeri gəlmişkən,deyək ki, “qara qutu”nun hansı əllərdə olması hələ də naməlumdur.

SSRİ xalq deputatı Qalina Staravoytova həmişəki kimi yenə də uydurdu: Vertolyot ağaca toxunub. Ermənistan Daxili İşlər naziri Aşot Manuçaryan isə necə deyərlər, “kəndirini itirdi”:

Ona görə də “qara qutu” Moskvaya aparıldı. Ancaq aparıldı. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunmaması və insan təlafatı") cinayət işi açdı. Polkovnik İ.Lazutkin ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya "..ermənilər göstərib..."

Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin "qara qutusu"nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumatda yaydı ki, "qara qutu" "istidən" və yanğından", "partlayışdan" (onun sozləridi)... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki, "qara qutu" Gəncədəki avia təmiri zavodunda aşkarlana bilərdi. Lakin prokuror İ.Lazutkin öz yalanlarına davam edirdi. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi, vertolyotun vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir”.

Tarixin qaranlıq səhifələrində qərq olan bu hadisə ölkədə böyük narazılığa və böyük hiddətə səbəb oldu. Bu faciəyə baxmayaraq, Azərbaycan xalqı bu gün də İsmət Qaibovu böyük etiramla xatırlayır. Mərhum baş prokurorun abidəsi Fəxri Xiyabanda yerləşir.

Miri Məcidli


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 76}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]