realxeber.org

Zəfərə gedən yol: Milli birlik və Mənəvi güc

9-11-2021, 19:57

Zəfərə gedən yol: Milli birlik və Mənəvi güc

Kim bilir, neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır.
Hər saxsı parçası, hər məzar daşı
Nəsildən nəsilə bir yadigardır.


Əbəs yerə yazıma unudulmaz şairimiz Səməd Vurğunun bu misraları ilə başlamadım. Kökü min illərdən başlanıb gələn tarixi Azərbaycanımızın hər dağı, qayası, daşı bir çox gerçəkliklərə şahidlik edib, ulu yurdun nə çəkdiklərinə bələd olub. Yandırılıb viran edilsə də, yağmalanıb talan olunsa da, kül altından yenə də boy ataraq dirçəlib, öz varlığını, kimliyini günümüzədək qoruyub saxlayıb. Azərbaycan diyarı yenilməz sərkərdələrin, cəng meydanlarında tökülən şəhid qanları ilə torpağı vətən edən ölməzlərin, unudulmazların, əbədiyaşarların vətənidir. Dədəm Qorqudun zamanından qara donlu kafirlərin məkirli hiylələrinin, yadelli işğallarının qarşısını cəsarətlə alıb qədim oğuz elinin cəngavər oğulları. Bu ənənə tarixən yaşayıb və bu gün də yaşayır. Ənənələrimizi yaşatmaq isə milli birliyimizdən irəli gəlir.

Uzun illərdir həsrətində olduğumuz əzəli yurd yerimiz olan doğma Qarabağımız düşmən əsarətində idi. 1988-ci ildən başlanan I Qarabağ savaşında itirdiyimiz yurdlarımızın qaysaq bağlamayan yarası illərdir canımızdan canımızı, qanımızdan qanımızı aparırdı.

Gözümü açandan, ağlım kəsən vaxtdan bəri ailəmizdə bu mövzuda çox söhbətlər eşitmişəm. “Nə gözəl yerlərimiz var idi...”, “necə gözəl günlər yaşayırdıq...” bu kimi cümlələr sanki qulağımızın əbədi səsinə, sözünə çevrilmişdi. Bu mənada böyüklərimiz öz qəlblərində daşıdıqları o yurd acısını, el-oba həsrətini, vətən nisgilini sanki bizlərə ötürüblər. Mən də hər zaman bu mənəvi yükü öz qəlbimin dərinliklərində daşımışam. Laçında doğulub, boya-başa çatıb atam, anam...Uşaqlıqları, ən xoş, qayğısız, atalı-analı, bacılı-qardaşlı günləri də o dağlar yurdu olan Laçında keçib. Ancaq bu xoş xatirələrlə dolu qayğısız illərin sonralar göz yaşları ilə müşayiət olunan həsrət dolu bir xatirəyə çevriləcəyini düşünməmişdilər. Hər il işğal olunmuş rayonlarımızın işğal tarixləri yaxınlaşdıqda daxilən o qədər sarsılmışam, kədərlənmişəm..., ulularımızın mədfəni olan yurdlarımızın nə vaxtsa biz övladlarının məskəni olacaq günləri, illəri arzulamışam və düşünmüşəm ki, bu ötən illər bizi Qarabağımızdan uzaqlaşdırır, il üstünə il gəldikcə vətən dərdi də böyüyür, artır. Ancaq bəlkə də, zənnim məni yanıldıb, əksinə bu ötən illər bizi daha da Qarabağa yaxınlaşdırırmış, Qarabağa uzanan yolumuzu qısaldırmış... Və həqiqətən də belə oldu. Fəqət bu ötən illər, keçən aylar bizlərə nə vəd etdi?...Bu illər ərzində nə dəyişdi, nə oldu?... Bu illər ərzində Qüdrətlənən Azərbaycan şanlı bir Zəfərə aparacaq yol üçün yorulmadan mübarizə apardı, hər bir sahədə Azərbaycanın qazandığı böyük uğurlar bütün dünyaya bəyan oldu, evlərimizdə, ailələrimizdə neçə-neçə qəhrəmanlar böyüdü, milli ordumuz gücləndi və daha nələr nələr... Ancaq bu illər ərzində dəyişməyən nə oldu?...

Dəyişməyən isə mənfur düşmənin zəhərlənmiş zehniyyəti oldu. Tarixi yurdlarımıza göz dikərək onu çirkin əməlləri ilə bizdən alan yağı düşmən bu yerlərdə daşı daş üstə qoymadı, necə ki, I Qarabağ müharibəsi dönəmində insanlıq əleyhinə olan cinayətlər - Xocalı, Qaradağlı, Ağdaban, Meşəli, Başlıbel, Ballıqaya, Bağanıs Ayrım və daha neçə belə soyqrımı aktları, qətliamlar, faciələr törətdikləri kimi, eyni zamanda bu yurdun torpağı ilə, daşı ilə, məzarı ilə də düşmənçilik apardı, təbiətimizə də qənim kəsildi, nadir ağac növləri ilə zəngin olan meşələrimizi talan etdi, çaylarımızı, göllərimizi murdarladı, bar-bəhrəli bağlarımızı, gül-çiçəkli çəmənlərimizi viranə qoydu. Bilirsiz dəyişməyən bir də nə oldu?... Dünyanın bütün bu baş verənlərə biganə qalması. 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə yaradılan ATƏT-in Minsk qrupu işğal dönəmi ərzində yarıtmaz fəaliyyət göstərdi, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul etdiyi dörd qətnamənin heç biri icra olunmayaraq kağız üzərində qaldı. Bu məqamda mərhum Xalq şairimiz Fikrət Qocanın belə bir misrasını xatırlamaq yerinə düşərdi:

Deyirsiniz danışıq var,
Xalqın səbri bir gün daşar.
Millət bir gün danışıqlar
Düyünləşəndə neyləsin?


Bəli, həmin an gəlib çatdı, yəni dəyərli şairimizin təbirincə desək danışıqların düyünləşdiyi, millətin səbr kasasının daşdığı bir məqama gəlib çatdıq. Belə olduğu təqdirdə isə Azərbaycan xalqı bir yumruq tək birləşərək düşmənə layiqli cavabını verdi.

Uzun sürən həsrətdən sonra 2020-ci ilin payızı başqa bir ab-hava ilə başladı. İnsanlarda mübarizə əzmi, döyüş ruhu, qisas hissi baş qaldırdı. Ermənistanın ölkəmizə qarşı başlatdığı növbəti hərbi təcavüzünə cavab olaraq 27 sentyabrdan etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanıldı. 44 gün ərzində davam edən haqq savaşımızda böyük bir qəhrəmanlıq salnaməsi yazıldı. Bu günlərdə bütün xalqımız ayaq üstə idi, kiçikdən böyüyə hər kəs vətən adına səfərbər olmuşdu, hər bir insan öz durduğu yeri sanki özünün səngəri bilirdi, insanlardan barıt qoxusu gəlirdi, mərdə, qəhrəmana, vətənin dar günündə atlanaraq silaha qurşanıb yağıların üstünə şimşək kimi şığıyan, nərəsi ilə tufan qoparan igidlərə ümumxalq məhəbbəti, el hörməti tükənməz idi. Bütün bu milli birliyimizi yaradan isə mənəvi gücümüz idi. Xalqımız ordumuza mənəvi cəhətdən dayaq oldu, “Ordum varsa, yurdum var” ifadəsi vətən müdafiəçilərini döyüşə ruhlandırdı.

Şifahi xalq ədəbiyyatımızın elə bir janrı yoxdur ki, orada mərdlik, cəsarət, qəhrəmanlıq haqqında söhbət açılmasın, milli folklorumuzun, atalar sözlərimizin, bayatılarımızın vətənpərvərlik duyğulu nümunələri insanlarımızın dilinin əzbəri oldu 44 günlük savaş dönəmində.

Dəyirmanın pərindən,
Suyu çıxar dərindən.
Ordu xalqla bir olsa,
Dağ oynadar yerindən.


Həqiqətən də Zəfərə aparan haqq savaşımızda xalqımızla ordumuz bir vəhdət olaraq Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğunun ətrafında sıx birləşdilər və bu birlik xalqımıza Böyük Qələbə sevincini yaşatdı. Xüsusi qeyd etməliyəm ki, bu sevinc payını bizlərə ərmağan edənlər müqəddəs Şəhidlərimizdir. İllərdir nakam ruhlara rahatlıq nəsib edən, üçrəngli şanlı bayrağımızı Şuşa Qalasına sancan, şəhər-şəhər, kənd-kənd, oba-oba, oymaq-oymaq yurd yerinə ilk cığır açanlar da bizim şəhidlərimiz, qazilərimiz oldu. Vətəni hər şeydən, ailəsindən, ata-anasından, bacı-qardaşından, övladından, hətta şirin canından belə üstün tutan 44 günlük Vətən müharibəsinin şəhidləri hələ I Qarabağ döyüşlərində və sonralar böyük qəhrəmanlıq göstərərək şəhidlik məqamına ucalan Əlif Hacıyev, Tofiq Hüseynov, Şirin Mirzəyev, Allahverdi Bağırov, Asif Məhərrəmov, Əliyar Əliyev, Raquf Orucov, Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev kimi və daha neçə belə qəhrəmanlarımızın ruhlarına özləri ilə bir rahatlıq apardılar. Mən də uşaqlıqdan arzusunda olduğum bir yolun yolçusu oldum. Bu yol Qarabağa uzanan yol idi. Allahıma sonsuz şükrlər edirəm ki, bu yol ilə getməyi mənə də nəsib etdi. Füzulinin mənfur düşmən tərəfindən dağıdılmış ərazilərindən keçərək, Xocavəndin yamyaşıl və sıx meşələrlə örtülmüş qayalı dağlarını aşaraq Xocalının Sığnaq kəndindən keçib Daşaltı kəndindən əzəmətli dağlarla uzanan tarixi Zəfər yolu ilə Şuşa şəhərinə çatmaq çox qürurlu və sevincli idi. Bu yol ilə gedərkən gözəl təbiət mənzərələrinin fonunda gözümün önündə bir mənzərə də canlanırdı. Bu mənzərə qəhrəman şəhidlərimizin, qazilərimizin döyüşlərdəki şücaəti idi. Çünki bu yerlərdə şəhidlərimizin ruhları dolaşır, bu dağlarda, daşlarda onların axıdılan qanları, ayaq izləri və Qarabağın havasında nəfəsləri var. Sanki Qarabağın dumanlı dağlarında dolaşan şəhid ruhları bizləri salamlayırdı. Qəhrəmanlıq xalqımızın qanına hopmuş ali bir hisdir və bu hiss ilə dünyadan köç edənlər isə əbədi həyat qazananlardı. Bu anlamda əbədi həyat qazanan müqəddəs şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında və qəlbində daim yaşayacaqdır.

Bir xalq olaraq bizlərin üzərinə düşən ən əsas və başlıca vəzifə isə Ali Baş Komandanımızın ətrafında hər zaman sıx şəkildə birləşərək qanımız, canımız, milli birliyimiz və mənəvi gücümüz sayəsində düşmən işğalından azad etdiyimiz torpaqlarımızı göz bəbəyi kimi qorumaq və bu torpaqların çiçəklənməsində yenidən birliyimizi nümayiş etdirməkdir!


YUSİF CƏFƏRBƏYLİ
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 262}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Təsisçi və direktor: Zaur Qafarov
(+99450) 339-83-80
Email: [email protected]