realxeber.org

İnam Kərimovun Ağsudakı kombayn qalmaqalından xəbəri varmı? - Yerli məmurlar fermerlərə necə problem yaradırlar?

7-06-2021, 11:19

İnam Kərimovun Ağsudakı kombayn qalmaqalından xəbəri varmı? - Yerli məmurlar fermerlərə necə problem yaradırlar?

Ağsu rayonunda artıq arpa biçini başlayıb və bir neçə gün sonra buğda biçininə start veriləcək. Lakin yerli məmurların sayəsində hər il yaşanan problemlər bu il də yaşanır.

Ağsu rayonundan daxil olan müraciətdə qeyd edilir ki, saxta statistik məlumatlar, biçin qiymətlərindəki süni artımlar, kəndlilər arasında fərq qoyulması və s. yenə gündəmdədir.

“Ötən il hər hektar taxıl biçini üçün Kənd Təsərrüfatı naziri 30-38 manat arası qiymət tövsiyə etmişdi. İkili qiymət həddi ona görə qoyulur ki, düzənlik və uzun boylu sahələrdə qiymətlər minimum həddə, relyefi çətin olan ərazilərdə, yəqin ki, yanacaq sərfinə görə, maksimum qiymətlərlə hesablansın. Lakin Ağsu rayonunun Bico kəndində bu prinsip tam tərsinə həyata keçirilir.

Kəndin əkin sahələri uzun boylu və düzənlik olsa da, biçin qiymətləri kombayn istifadəçiləri tərəfindən ən yuxarı həddə alınır, amma Şamaxı və Qobustan kimi relyefi dağlıq olan rayonlarda biçin qiyməti Bicodakından 15-20 manat aşağı hesablanır.

Səbəbini kombayn istifadəçiləri aid olduqları aqroservis rəbbərlərinə dövlət rüsumundan "şapka" deyilən əlavə vəsait ödəmələri ilə əlaqələndirirlər. Yəni, aqroservisdən istismara kombayn götürən şəxsdən servis rəhbərliyi dövlət rüsumundan əlavə, kombaynın markasına görə 1000-2000 manat civarında rüşvət alır və kombayn istifadəçisi də həmin pulu biçin qiymətini qaldırmaqla sadə kəndlidən çıxarır”, - müraciətdə bildirilir.

Sakinlər yazır ki, bir neçə gün əvvəl Bico kəndinə Göyçay “Aqroservis”inə məxsus kombayn gəlib. Kombayn istifadəçisi adıçəkilən kənd sakinidir və bir hektar üçün taxıl biçinini 35 manata həyata keçirirmiş. Lakin Bico kənd bələdiyyə sədrinin və digər şəxsi kombaynı olan iki sahibkarın israrlı təkidi ilə həmin kombayn Göyçaya geri qaytarılıb. Bu işdə vasitəçi isə Ağsu “Aqroservis”in mühəndisi Şəhriyar adlı şəxs olub:

“Təbii ki, Şəhriyar da servis müdiri Cavid müəllimin təlimatlarını reallaşdırır. Onlar istəmədilər ki, sadə kəndlinin ziyandan sovuşması üçün kimsə yardımçı olsun, çünki bu il taxıl sahələrində elə də məhsul yoxdu. Hazırda kənddə iki şəxsi və bir ədəd də "Aqroservis"ə məxsus, kənd bələdiyyə sədrinin istifadəsində olan kombayn var, onlar da biçini 40-50 manat arası həyata keçirirlər. Deməli, deyilənlər doğrudur:

“Aqroservis” rəhbərliyi icarəyə kombayn götürənlərdən əvvəlcədən istədiyi rüşvəti alıb ki, kənddə taxıl biçininin qiymətinin enməsinə və kombayn sayının artmasına əngəl olur. Yoxsa kənd bələdiyyə sədri kənardan gələn kombayn sahiblərini "burunlayıb" kənddən qovmaz və biçin qiymətini maksimum qiymətə qaldırmazdı. Əslində bu məsələlərdə rayon icra başçısının ötkəm mövqeyi olmalıdır, lakin yeni başçının bu istiqamətdə fəaliyyəti hələ ki, gözə çarpmır.

Dövlət rəhbərinin və onun ölkədə apardığı iqtisadi siyasətin kiçik məmurlar tərəfindən saya salınmaması bu günki reallıq üçün qeyri-adi görünür.
Bu problem əslində Ağsunun bütün kəndlərinə aiddir, araşdıran olsa, reallığı görər. Ağsuda kənd təsərrüfatı ilə bağlı bütün texniki işlərin qiyməti manapoliya sayəsində maksimum səviyyədədir”.

Mənbə hit.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 89}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
© 2020 www.REALXEBER.org
Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
(+99450) 339-83-80(whatsapp)
Email: [email protected]