Jalə Əliyeva : ‘’Ermənistan mövcud reallıqla barışmalıdır’

Oxunma sayı: 80
2-03-2021, 19:29

Jalə Əliyeva : ‘’Ermənistan mövcud reallıqla barışmalıdır’

‘‘Ermənistanda baş verənlər uzun illərdir yürüdülən işğalçılıq siyasətinin məntiqi nəticəsidir. Erməni xalqı görəndə ki, bu siyasət onları uçuruma aparır, kütləvi etirazlara start verdilər.’’

Bu sözləri Editor.az -a açıqlamasında Milli Məclisin deputatı, professor Jalə Əliyeva deyib.

Millət vəkili bildirib ki, Ermənistan işğalçı siyasətindən imtina etməlidir:

‘’İşğalçılıq siyasəti Ermənistanın özünü sosial- iqtisadi fəlakətlərlə üz- üzə qoyub. Bu ölkə regionda həyata keçirilən bütün iqtisadi layihələrdən kənarda qalıb. Ermənistan vətəndaşları kütləvi şəkildə mühacirətə üz tutub. Buna qədər rəsmi dairələr belə əsaslandırırdılar ki, guya Ermənistan qalib xalqdır. Lakin 44 günlük müharibə zamanı Ermənistanın tam məğlubiyyətə uğraması ilə yanaşı, saxta erməni təbliğatı da puç oldu. Artıq erməni xalqının iqtidara olan etimadı tam itib və ölkə sosial partlayış həddindədir. Ordunun qiyam qaldırması da bunun bariz nümunəsidir’’.

Jalə Əliyeva qeyd edib ki, Paşinyan təslim olmaq niyyətində deyil və sona qədər mübarizə aparacaq:

‘’Düzdür, Ermənistanın Baş naziri son anda geri addım ata bilər. Lakin görünən odur ki, o, sona qədər dirəniş göstərəcək. Bütün hallarda Ermənistan iqtidarı mövcud reallıqla barışmalı və işğalçılıq siyasətindən birmənalı şəkildə imtina etməlidir. Əks halda Ermənistan bu bataqlıqdan xilas ola bilməyəcək və xaosa sürüklənəcək”.

Paylaş
Xəbər lentİ