Nəsiminin icra başçısı Asif Əsgərov rayonu sökür - Rəsmi qurumlar susur VIDEO XEBER

Oxunma sayı: 285
19-02-2021, 21:13

Nəsiminin icra başçısı Asif Əsgərov rayonu sökür - Rəsmi qurumlar susur VIDEO XEBER

Bakıda tikinti şirkəti vətəndaşlara zülm edir, amma rəsmi qurumlar məsələyə biganə yanaşır. Səbəb isə həmin tikinti şirkətini icra hakimiyyətinin himayə etməsidir.

Uzun zamandır haqqında danışılan özbaşınalıq Nəsimi rayonunda baş verir. Tikinti şirkəti vətəndaşların razılığı olmadan evləri sökür, insanların özəl mülkiyyətini dağıdır. Vətəndaş Mansur Ələkbərov deyir ki, evinin qanunsuz sökülməsinin səbəbkarlarından biri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.

Narazı vətəndaş qeyd edir ki, evinə ödənən kompensasiya ilə razı olmadığı halda məhkəmə qərarı olmadan mülkiyyəti dağıdılıb. Tikintini aparan şirkət kimi "Marin Grup" və "Gloria Palace" göstərilir. Adı çəkilən şirkətlərdən hansının tikintiyə və söküntüyə nəzarət etdiyini vətəndaş özü də bilmir.

"Mənzillər sökülən zaman sakinləri "Olympus Park" şirkətinin ofisinə çağırırdılar. Əvvəl elə bilinirdi ki, tikinti bu şirkətindir. Sonra deyildi ki, "Marin Grup" və ya "Gloria Palace" tikintiyə nəzarət edir və sadəcə "Olympus Park"ın ofisində otururlar. Bu şirkətlərə icra başçısı, deputat nəzarət edir", - deyə, vətəndaş şikayətində qeyd edir.

Aylardır evi sökülən vətəndaş rəsmi qurumların hamısına müraciət edib. Nəsimi rayon İcra Hakimiyyəti isə heç bir halda məsələyə müdaxilə etmir. Rəsmi qurumlar da şirkətin xeyrinə qərarlar çıxarırlar.

“Tikinti şirkətinin özbaşınalığı” ifadəsi bəlkə də yumşaq səslənir. Amma bu, belə deyil. Təsəvvür edin ki, Azərbaycan Respublikasının vətəndaşı öz evində yaşayır. Tikinti şirkəti həmin ərazini sökmək istəyir, amma vətəndaş razı deyil. Tikinti şirkətinin qoçuları vətəndaşı evindən çıxarır və mənzilini uçururlar.

Şirkətin özbaşınalığının qurbanı olanlardan biri də vətəndaş Şahin Qasımzadədir. Eyni ünvanda- Nəsib bəy Yusifbəyli 74 saylı ünvanda yerləşən bağçanın hasarını da söküblər. Üç mərtəbəli bağça Şahin Qasımzadəyə məxsusdur. Yanvarın 20-si gecə saat 3-də tikinti şirkəti ağır texnika ilə bağçanın hasarını uçurub. Şirkətin bu özbaşınalığı nəzarət kameralarına düşüb.

Bununla bağlı Nəsimi rayonu, Mərdanov Q küçəsi, ev 129 ünvanda olan təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu Prezidentə yazdığı müraciətdə bildirir: “Mən Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 74(54) ünvanda yerləşən “ŞƏMS” körpələr evi və uşaq bağçasının təsisçisiyəm.

Bağça AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş Lisenziya əsasında Məktəbəqədər tədris müəssisəsi kimi fəaliyyət göstərir.
Bu ərazinin torpağı özümə məxsusdur və özəlləşdirilib. Və bağçanın yerləşdiyi bina cəmi 15 il əvvəl Bakı ŞİH-nin sərəncamı ilə tikilib və özəlləşdirilib, yəni şəxsi mülkiyyətimdir. Bağçanın yaxınlığında hündür binalar inşa edən Gloria Palace MTK bizə məktub göndərib: “ Sizin bina qəzalı vəziyyətdədir, ofisimizə gəlin”.

Cəmi 5 il əvvəl inşa edilmiş, fundamenti bir neçə metr olan uşaq bağçasının binası NECƏ QƏZALI OLA BİLƏR ?

Bu bina ötən əsrin 30-cu, 40-cı, hətta 70-ci illərində inşa olmayıb e, cəmi 5 ildir inşa olunub. Baxın, cənab Prezident, bu MTK sahibləri insanların başına bu oyunları açırlar.

Bütün bunlar azmış kimi gecə bizim xəbərimiz olmadan MTK buldozerlə bağçanın divarını uçurdub, kameraları oğurlayıblar.
Mən bu barədə 102-yə, FHN-ə, Şəhər Arxitektura İdarəsinə, Nəsimi rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına müraciət etsəm də, şikayətimə baxan olmayıb. Təkcə Nəsimi rayon prokurorluğundan gəliblər.

Mən tikinti aparan şəxslərə deyəndə ki, belə olmaz, şəxsi mülkiyyət toxunulmazdır. Mənə deyirlər ki, get hara istəyirsən şikayət elə.
Sonda təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu bildirir,

Cənab Prezident!

Haqqı və hüququ tapdanan vətəndaşların son ümid yeri Sizsiniz. Xahiş edirəm məni və ailəmi bu harınlamış, hətta quduzlaşmış, qanun saymayan cinayətkarlardan xilas edəsiniz.

Bu qədər şikayətlərə, narazılıqlara baxmayaraq “Gloria Palace” şirkəti cinayət əməllərinə davam edir.

Dünən də şirkət tərəfindən qeyd edilən ünvanda iki mənzil dağıdılıb. Həmin vətəndaşların da razılığı olmayıb və evləri qanunsuz olaraq dağıdılıb.

Məsələ ilə bağlı MTK rəhbərlərinin və adiyyati dövlət orqanlarının məsul şəxsləri ilə əlaqə yaramağa çalışsaqda, bu mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən dövlət orqanlarının və MTK rəhbərinində münasibətin ictimailəşdirməyə hazırıq.

Paylaş
Xəbər lentİ