Zaqatalanın Bəhmətli kənd sakinləri yerli məmurların özbaşınalığından Prezidentə şikayət edirlər

Oxunma sayı: 117
25-01-2021, 16:32

Zaqatalanın Bəhmətli kənd sakinləri yerli məmurların özbaşınalığından Prezidentə şikayət edirlər

Zaqatalanın Bəhmətli kəndinin bir qrup sakini MillətinSəsi.info saytının “whatsapp” nömrəsinə şikayət məktubu göndəriblər.
Zaqatalanın Bəhmətli kəndinin bir qrup sakini - Muradov Fəxrəddin, Durmuşov Şirin, Muradov Müntəzir və Məmmədov Əli şikayət məktubunda bildirirlər ki, Bəhmətli kəndi Zaqatala rayonun dördüncü ən böyük kəndlərindən biridir:

"Kənd sovet vaxtı xalq arasında Zaqatalanın Qazaxıstanı kimi tanınırdı. Çünki kənd əhalisi taxılçılıq sahəsində böyük nailiyyətlər əldə etmişdi. Üstəlik heyvandarlıq da inkişaf edirdi. O vaxt kənddə 5 minə yaxın mal-qara olub.

İndi Bəhmətlidə nə taxılçılıq var, nə də ümumi mal-qaranın sayı heç minə çatmır. Səbəb yerli məmurların kəndlilərin örüş yerini zəbt etməsi, əkin sahələrinin qanunsuz yollarla qıraq şəxslərə uzunmüddətli icarəyə vermələridir. Kəndlilər taxıl əkmək üçün müraciət edir, bələdiyyə deyir torpaq yoxdur. Bəs kəndli nə ilə məşğul olmalıdır?!

Kəndliyə nə lazımdır – torpaq, su, bir də dövlətin qanunla nəzərdə tutulan güzəştlərdən yararlanması... Vəssalam, əksin, satsın, başını saxlasın.

Bəhmətli isə işsizlik bataqlığında çabalayır. İşsiz, gücsüz gənclər ortalıqda qalıb. Yerli məmurlar kəndliyə təsərrüfatla məşğul olmağa şərait yaratsa, hərə bir tərəfdə başını öz torpağı ilə qatar, əkər, məhsul götürər, satar, dolanar...

Cənab prezident İlham Əliyev regionlardan birində səfərdə olarkən taxılçılığa böyük diqqət yetirilməsinin vacibliyini vurğulamışdı: "Taxılçılıq da isə hələlik tələbatımızı ödəyə bilmirik. Ona görə taxılçılığa xüsusi diqqət göstərilməlidir ki, biz yaxın bir neçə il ərzində bu sahədə daxili tələbatımızı öz hesabımıza təmin edək.”

Bəli, taxıl bütün dünyada hər bir ölkə üçün strateji məhsul sayılır. Nahaq yerdən demiyiblər ki, çörək bol olarsa, basılmaz vətən. Amma, Zaqatala rəhbərliyi belə düşünmür. Görəsən Prezidentin qərarları və sərəncamları Zaqatalaya aid deyil?

Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə kəndliyə nə taxılçılıq üçün, nə əkin yeri, nə də heyvandarlıq üçün örüş yeri vermir.

Gülməli vəziyyət yaranıb. Bəhmətli kənd bələdiyyəsinin sədri Həsrət Musayev özü saxta imzalarla torpağı satıb. Camaat torpaqsızlıqdan şikayət edəndə torpağı özü icarəyə verdiyi şəxsdən, yəni "FRUİTCOURT” MMC-nın rəhbəri Anar Bayramlıdan yazılı şəkildə xahiş edir ki, bəs kəndlilərə torpaq çatmır.

Xahiş edirik torpağı qaytar. Bunlar deyəsən milləti avam yerinə qoyublar, ya dolayıblar. Bələdiyyə sədri Həsrət Musayev özü satdığı torpağı xahiş-minnətlə guya geri almaq istəyir. Bu haqda yazılı məktubu kəndlilərə göstərir. Absurd bir işdir. Bu adamın dalında icra başçısı Mübariz Əhmədzadə dayanır.

Şikayətçi, Bəhmətli kənd sakini Muradov Fəxrəddin bildirir ki, bizim torpaqlar qeyri-qanuni yollarla satılır: "Heç xəbəri də olmur heç kəsin. Bir də eşidirik ki, o yerlərdəki torpaqlar satılıbdır, əkə bilməzsiniz. Prezidentimiz də mal-qaranın cinsinin dəyişdirilməsi haqda sərancam verir. Əhaliyə sağ olsun dövlət pulsuz mal veribdir, qoyun veribdir. İndi mən sual verirəm o mal-qara, qoyunlar harda otarılmalıdır? Kiminsə darvazasının yanında?

Sonra darvazanın sahibi deyir ki, sənin mal-qaran niyə mənim darvazamın yanında otlamalıdır. Çox ayıbdır. Bu qədər sahəsi olan kəndin bir örüş yeri yoxdu. Örüş yerinin hamısı satılıbdı. Örüş yerlərinə heç toxunmaq olar? İcra hakimiyyətinə və digər aidiyyatlı orqanlara dəfələrlə müraciət etmişəm, heç bir xeyri yoxdu. Elə bil daşa deyirsən. Sonra isə deyirlər hara istəyirsiniz şikayət edin. Bələdiyyə sədri isə deyir ki, bu torpaqlar bələdiyyənin ixtiyarındadır, kimə istəyərik ona da veririk, kimə istəsək ona satarıq."

Şikayətçi, Bəhmətli kənd sakini Durmuşov Şirin də bildirir ki, kəndin 53.0195 hektar torpaq sahəsini saxta yolla ələ keçirilib:
"Həmin sahənin ətrafında təbii yolla bitmiş itburnu, moruq, iydə, cır əzgil və sair meyvə-kol bitkiləri bitmişdi. Həmin sahələr həm də vəhi heyvanlar üçündə sığınacaq yeri idi. Bunlar həmin sahəni buldezerlə kürəyib, qobunun içinə töküblər. Digər əraziləri də yandırıblar. Biz bu barədə də aidiyyəti orqanlara məlumat vermişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinində bu işdən xəbəri var."

Şikayətçi, Bəhmətli kənd sakini Muradov Müntəzir isə bilidirib ki, kəndin 300 hektar torpaq sahəsi satılıbdır: "Kəndin bələdiyyə torpaqları "FRUİTCOURT” MMC-yə 49 illik müqavilə ilə icarəyə verilibdir. Bura örüş torpaqları, prespektiv torpaqlarda kənd adamlarına deyil, başqa adamlara verilibdir. Deyirlər kəndin torpaqlarında 55 hektar Bayramov Qudrətə, 85 hektar isə hansısa imkanlı şəxsə verilibdir. Müxtəlif şəxslərə paylanıbdır kəndin torpaqları. Şikayət edəndə də heç çevrilib sən tərəfə də baxmırlar ki, niyə gəlmisən. Qanun var, qayda var. deputat var, bələdiyyə var, hamısı var.

Hamısına şikayət edirəm ki, burada cinayət var və cinayətkarda məlumdur, amma cinayətkar haqqında tədbir görən yoxdur. İndi bilmirik kimdi günahkar: biz vətəndaşlarıq günahkar, yoxsa qanunu pozanlardır günahkar. Bütün bu torpaqları hərraca çıxarıb satıblar. Hərrac da keçiriləndə heç kəsində xəbəri olmur. Heç bələdiyyə üzvlərinində xəbəri olmur. Bələdiyyə sədri torpağın kupçasını alır, özü protokollaşdırır, guya bələdiyyə üzvlərinin razılığı ilə saxta yolla özü qol çəkir. 9 nəfər bələdiyyə üzvünün əvəzindən qollar çəkərək Şəki də hərrac keçirib, qeydiyyatdan keçirib torpaqları satır."

Kənd də 73 nəfər cəbhəyə könüllü gedən əsgər var. Yəni 73 qazi bu gün-sabah kəndə qayıdacaq. Nə işlə məşğul olacaqlar? Örüş yeri yox, əkin yeri yox. Bəlkə bu rayonu idarə edən cənablar qəsdən narazılıq yaradır? 300 hektar ərazi kənar şəxslərə satılıb. Siz sərhəd rayonunda kütləvi etirazmı istəyirsiz? 73 qazinin torpaq sahəsinə kim əl qoyub, kim satıb?

Şikayətçi, Bəhmətli kənd sakini Məmmədov Əli müəllimin dediyi kimi, oğullarımız gedib Qarabağı işğaldan azad edib, indi qalıb kəndimiz. Bura da yerli oliqarxlar tərəfindən işğaldadır. Ağsaqqallardan biri dediyi kimi "Cənab, prezident, Paşinyanın başına vurduğunuz dəmir yumruğu bizim məmurların da başına vurun”.

Əhali prezidentə ümidlidir və kömək gözləyir. Korrupsiyaya bulaşmış şəxslər başqa rayonlarda olduğu kimi başlarında qara torba aparılmasalar deyəsən vəziyyət düzələnə oxşamır. Günahkarlar kimdirsə cəzalanmalıdırlar.

Üstəlik Prezidentin sərəncamı ilə Zaqatalada 18 bulağın vurulması üçün pul ayrılıb. O cümlədən onlardan biri də Bəhmətlidə vurulmalı idi.

Yerli məmurlar o qədər arxayındırlar ki, kənd üçün ayrılmış həmin artezianı kəndə aid olmayan, özlərinə lazım olan sahədə vurublar. Hələ şikayətlənənlərə deyiblər ki, kimin həddi var bizə söz desin.

P.S. Zaqatalanın Bəhmətli kənd sakinlərinin şikayəti ilə bağlı rayon icra hakimiyyətinin aidiyyatı üzrə nümayəndəsi və bələdiyyə sədri ilə əlaqə saxlamağa çalışsaqda bu mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən şəxslərin və aidiyyatlı dövlət orqanlarının da nümayəndələrinin münasibətini ictimailəşdirməyə hazırıq.
Millətinsəsi.info

Paylaş
Xəbər lentİ