Nizami Gəncəvi harada anadan olub?

Oxunma sayı: 448
18-01-2021, 22:25

Nizami Gəncəvi harada anadan olub?

Dünya şöhrətli Nizami Gəncəvinin harada anadan olması barədə bir çox müzakirələr aparılır. Dünya elminə və poeziyasına əvəzolunmaz töhfələr verən Nizami Gəncəvinin guya Qaxın Qum, Iran alimlərinin iddiasına görə isə İranın Qum şəhərində anadan olması barədə fikirlər səslənir. Bunu iddia edənlər də Hacı Lütf Əli bəyin “Ataşkadah” bioqrafik əsərinə istinad edirlər. Nizami Gəncəvinin Qum şəhərində anadan olmasını iddia edən Hacı Lütf Əli bəy “İsgəndərnamə” əsərinin ikinci hissəsi olan “İqbalnamədə” şairin

Gəncə dənizində olsam da pünhan,
Yerim Qum şəhridir, yurdum Qohestan.
Təfrişdə Ta adlı bir kənd dayanıb,
Nizami ad-sanı ordan qazanıb! - misrasını əlində əsas tutaraq dahi şairin Gəncədə anadan olmamasını yazır. Bundan sonra da bu informasiyadan çıxış edərək XVIII əsrdən başlayaraq dünya şərqşünaslığı ilə yaxşı tanış olan insanlar İranı Nizaminin vətəni hesab etməyə başladılar. Lakin kimsə bu misranın orjinalını və doğurdanmı Nizami Gəncəvinin əsərində belə bir sitatın olmasının ardınca düşmədən onu fars və İran şairi hesab etməyə başlayıblar. Birinci coğrafiyaya nəzər salsaq görərik ki, İran ərazisində Qohestan deyilən bir yer yoxdur və ikinci də Qum Nizami Gəncəvinin şəhər adlandırdığı kriteriyalara uyğun gəlmir. O zaman Qum balaca bir kənd idi və onun böyük şəhər olması mümkün deyildi. İkinci də Qaxın Qum kəndi də o illərdə elə böyük bir yer deyildi və şəhər kimi onun barəsində heç bir məlumat yoxdur. Bunun üçün alim olmaq lazım deyil, eləcə coğrafi yerlər haqqında google.az da axtarış vermək kifayət edər ki, məlumat əldə edə biləsiniz. Uzun illər Nizami Gəncəvinin İran şairi olması bir çox şərqşünas alimlərin əsərində qeyd edilməyə başladı. Bu alimlər ən etibarlı mənbə olan Nizaminin orta əsr bioqraflarının hamısı, xüsusilə Aufi Sədidəddin (XIII əsr), Dövlətşah Səmərqəndi (XV əsr) və s.) şairin doğulduğu şəhər kimi, onun bütün ömrü boyu yaşadığı və vəfat etdiyi Gəncə şəhərində anadan olub fikirlərini görməzdən gəldilər. Bu anlaşımazlıq uzun zaman çəkəcək idi ki, XX əsrin birinci yarısında məşhur rus şərqşünası akademik Y.E.Bertels bu mövzunu araşdırmaq qərarına gəlməsə idi. Məhz o, Nizami Gəncəvinin bütün əsərlərini, xüsusilə “İsgəndərnamə” əsərini ciddi-ciddi tədqiq edib sübut elədi ki, Hacı Lütf Əli bəyin iddia etdiyi kimi yuxarıda qeyd etdiyim “Qum şəhərindəm adlı” sətirlər Nizaminin həmin əsərinin digər əlyazmalarda, o cümlədən erkən köçürülən versiyalarında yoxdur, yəni, bu sətirlər şairin "İskəndərnamə" əsərinə ideoloji motivlərdən irəli gələrək təəssübkeş İran mirzələri tərəfindən əlavə olunub və açıq-aşkar saxtalaşdırmadır. Akademik öz tədqiqat əsərində yazır: “Nizaminin ən qədim əlyazmalarında, 763-cü (1360-cı il) il tarixli hicriyə aid Parisdəki Milli Kitabxanda olan əlyazmalarında bu sətir də yoxdur ".

Onun ardınca akademik Y.Kraçkovski, akademik A.E.Krımski, Azərbaycan alimləri H.Arazlı, C.Heyət, R.Əliyev və başqaları “İsgəndərnamə” əsərlərinin orjinallarını tədqiq edərək dahi şairin Azərbaycanın Gəncə şəhərində anadan olmasını sübut etdilər. Lakin o illər sovet elmi dünya miqyasına tam çıxmamışdı və II dünya müharibəsinin başlaması, Qərb alimlərinin akademik Y.E.Bertelsin əsərlərinin çıxışı olmaması bu sübutun onlara çatmamasına səbəb yaratdığı üçün onlar Nizamini İran şairi kimi qələmə verməkdə davam etdilər. Lakin elmdə vicdanlı alimlər də var, İranda Nizami Gəncəvinin üzünü köçürən zaman qəsdən saxtakarlıq edən və onu İranda anadan olmasını “soxuşduran” şəxslərdən fərqli olaraq əsl elmi tədqiqat aparan Iran ədəbiyyatşünasları içərisində V.Dəstgerdi haqlı olaraq Nizami Qumda anadan olmayıb, “İsgəndərnamə” əsərinin üzünün köçürülməsi zamanı Qumda anadan olması barədə fikirlərin sonradan mirzələr tərəfindən salınmasını iddia edir. Nizaminin ilk tədqiqatçısı V.Dəstgerdi göstərir ki, şairin əvvəlki nüsxələrində Qumla əlaqəli beyt olmamışdır.

Nizaminin Qaxın Qum şəhəri ilə bağlı versiyalara gəldikdə isə Nizaminin yubileyi ərəfəsində görkəmli şərqşünaslar R.Əliyev və A.Sarovlu Azərbaycan höküməti tərəfindən Qax rayonu Qum kəndinə məsələyə aydınlıq gətirmək üçün ezam olunurlar. Qayıdıb gəldikdə onlardan hesabat tələb edəndə cavab bu olub ki, Qum kəndi kiçik bir kənddir və guya Nizaminin “Qum şəhərində” anadan olması barədə “böyük şəhər Qum” bura ola bilməz. İkinci də Nizami Gəncəvi özü “Sirlər xəzinəsi” dastanının 179-cu səhifəsində konkret anadan olduğu yeri qeyd edir:
“Mən Gəncədəyəm, indi İraq məndən uzaqdadır”

“Qum şəhəri Qəhrestanı” məhəlləsinə gəldikdə isə, bu onun əsərlərinin surətini köçürən şəxslərin artırmalarıdır. Çünki, Nizami əsərlərinin ojrinal nüsxələrndə belə bir şey yoxdur. Konkret olaraq qeyd edək ki, Nizami əsərlərinin XVI əsrdə və sonralar köçürülmüş nüsxələrində İsgəndərnamənin “İqbalnamə” hissəsinin bir yerində şair Gəncədən danışan zaman fikir yarımçıq kəsilərək Qumla bağlı dörd misra qəsdən artırılmışdır.
Dosent Zaur Əliyev

Paylaş
Xəbər lentİ