realxeber.org
realxeber.org

Azərbaycan məhsulları niyə geri qaytarılır? - PROBLEMİN SƏBƏBİ...

11-07-2019, 18:36 18 dəfə baxılıb

Azərbaycan məhsulları niyə geri qaytarılır? - PROBLEMİN SƏBƏBİ...

Bu il artıq ikinci dəfədir ki, Rusiya ixrac olunan Azərbaycan məhsullarını geri qaytarır.

Belə ki, ötən ay Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytarmışdı. Bu ay isə Azərbaycanın 118 ton məhsulu Rusiyaya buraxılmadı. Söhbət 32 ton pomidor, 53 ton gilas, 20 ton noxud və 13 ton çiyələkdən gedir.

Məhsullarımızın geri qaytarılmasının səbəbi nədir?



"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında bildirib ki, ixrac olunan məhsulların düzgün sertifikatlaşdırılmaması məlum problemin yaranmasına səbəb olur:

“Rusiyanın dövlət orqanının apardığı yoxlamalar nəticəsində məhsulun tərkibində zərərli maddələr aşkarlanıb. Bu, onu göstərir ki, ölkəmizdə məhsulların keyfiyyətinin analizi mükəmməl şəkildə aparılmır.

Məhsulların keyfiyyəti ilə bağlı sertifikat verən orqan müstəqil olmalıdır

Sertifikat verən orqanla malların keyfiyyətinə nəzarət edən orqan bir əldə birləşməli deyil. Uzun illərdir ki, bu problem mövcuddur. Məhsulların keyfiyyəti ilə bağlı sertifikat verən orqan müstəqil olsaydı, yaşanan hansısa problemlə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məhkəməyə müraciət edə bilərdi. Lakin indiki halda sertifikat verilməsi AQTA-nın nəzarətindədir. Nazirlər Kabineti bu məsələni nəzərə almalıdır”.



Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən verilən açıqlamaya görə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür:

“Fitosanitar Tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən uyğunsuzluq aşkar edildiyi təqdirdə, idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verir. Sözügedən məsələ ilə bağlı Agentliyə heç bir rəsmi məlumat daxil olmayıb. Ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür. Lakin beynəlxalq qaydalara uyğun olaraq, yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər”.

Qeyd edək ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının girişinə qadağa Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Dağıstandakı bölməsi tərəfindən həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA