realxeber.org
realxeber.org

“İmamoğlu Ərdoğana rəqib ola bilər, amma...” - Azərbaycanlı deputatlardan REAKSİYA

24-06-2019, 15:25 40 dəfə baxılıb

“İmamoğlu Ərdoğana rəqib ola bilər, amma...” - Azərbaycanlı deputatlardan REAKSİYA

Ötən gün Türkiyənin İstanbul şəhərində yenidən bələdiyyə seçkiləri keçirilib. Nəticədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu İstanbulun yeni bələdiyyə başqanı seçilib. Səs-küyə səbəb olan bu seçkilərin Türkiyə üçün nələr vəd etdiyi sual altındadır. İmamoğlunun növbəti prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana rəqib olacağı isə istisna edilmir.


Türkiyədəki hadisələrin hansı fonda dəyişəcəyi haqqında Modern.az-a danışan deputat Eldar İbrahimov qeyd edib ki, İstanbul Türkiyənin iqtisadi, siyasi, mədəni cəhətdən əhəmiyyəti bölgəsi olaraq qalır:


“16 milyon əhalisi olan bu böyük şəhəri əvvəl Rəcəb Tayyib Ərdoğanın təmsil olunduğu Ədalət və İnkişaf Partiyası (AKP) idarə edirdi. Hazırda Əkrəm İmamoğlunun bələdiyyə başqanı seçilməsi düşünürəm ki, böyük dəyişikliyə gətirməyəcək. Çünki ölkənin prezidenti, idarəçisi var. Əkrəm İmamoğlu bələdiyyə sədri kimi prezidentə tabe olacaq, onun məsləhəti ilə işləyəcək. Mən Türkiyənin gələcək həyatı üçün ciddi problemlərin olacağını düşünmürəm”.
Deputat Adil Əliyev də hesab edir ki, Əkrəm İmamoğlunun bələdiyyə sədri seçilməsi Türkiyə siyasətində, bundan sonrakı həyatında heç nəyi dəyişməyəcək:


“Türkiyənin maraqlarına zidd, düşmənin tərəfində olan, Türkiyənin əleyhinə kifayət qədər qüvvələr var.
Kənardan asan görünür, amma Türkiyəyə olan təzyiqlər o qədər yüksəkdir ki, inanmıram hansısa yeni hakimiyyət fərqli yeni işlər görə bilsin. Türkiyənin bugünkü durumunu qorumaq vacibdir. Hər hansı mənfi hadisə olsa, Türkiyənin gələcəyini təhdid altına ala bilər.
Bütün hallarda, hər ölkənin rəsmi nümayəndəsi kimi mən də Əkrəm İmamoğlunu təbrik edirəm”.


İmamoğlunun Ərdoğana rəqib olmasına gəlincə, A.Əliyev bunu istisna etməyib:
“Hər şey ola bilər. Hətta kim bilir, bəlkə də “İmamoğlu layihəsi” də Ərdoğanın həyata keçirdiyi planlardan biridir. Bəlkə də Türkiyənin prezidentinə lazım idi bilsin ki, ölkənin daxilindəki, dövləti sevməyən qruplar hansı addımı atacaq. Daxildəki başqa millətlərin nümayəndələrinin canfəşanlıq etməsi xarici təsirlərin olduğunu bir daha sübut etdi”.
Həmkarlarının fikirlərinə zidd düşünən deputat Rasim Musabəyov isə İmamoğlunun Ərdoğana rəqib ola biləcəyini istisna etmir:
“İstanbul Türkiyənin ərazi baxımından yeddidə biri, iqtisadi, siyasi, mədəni əhəmiyyətinə görə isə demək olar ki, yarısıdır. İmamoğlu yeni vəzifədə özünü uğurlu rəhbər kimi göstərdiyi halda onun və arxasında duran siyasi qüvvələrin Türkiyə rəhbərliyinə iddiası xeyli əsaslı olacaq. Xatırlatmaq istəyirəm ki, Ərdoğan da Türkiyə prezidentiliyinə uğurlu İstanbul idarəçiliyindən gəlib. İmamoğlu prezidentə rəqib ola bilər, amma öncə İstanbul rəhbəri kimi özünü doğrultmalıdır”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA