realxeber.org
realxeber.org

Moskva Qarabağla bağlı yol ayrıcında - gerisayım başlayıb

11-06-2019, 16:00 41 dəfə baxılıb

Moskva Qarabağla bağlı yol ayrıcında - gerisayım başlayıb

Azərbaycan və Rusiya arasında münasibətlər bütün sferalar üzrə dinamik inkişafdadır. İki qonşu ölkə arasında iqtisadi-ticari, mədəni-humanitar, turizm, xarici siyasət və hərbi əməkdaşlıq sahələri üzrə, habelə Xəzər hövzəsi üzrə əlaqələr ilbəil dərinləşir ki, zəifləmir. Azərbaycan hazırda şimal qonşumuzla onun regiondakı əsas müttəfiqi olan Ermənistandan da sıx əlaqələrə malikdir yazsaq, yanlış olmaz.

Bundan əlavə, Bakı və Moskva “Şimal-Cənub” iri nəqliyyat dəhlizi layihəsinin əsas iştirakçılarıdır. Bu layihə ilə bağlı gələn ay üç dövlətin - Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti, Moskva zirvə görüşü gözlənilir. Bir sözlə, Azərbaycan Moskva üçün vazkeçilməz ölkə qismində öz statusunu getdikcə möhkəmlətməkdədir.

*****

“Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi bu ilin yanvar-mart aylarında yarım milyard dollardan çox olub”. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib. Səfir bildirib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard 400 milyon ABŞ dolları təşkil edib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında ticarət əlaqələri neft sahəsi üzərində qurulmayıb, ticarət əsasən kənd təsərrüfatı, maşınqayırma sahələrində inkişaf edir.

“Rusiya-Azərbaycan münasibətləri qədim tarixə, tərəfdaşlıq və dostluq ənənələrinə malikdir. Bu gün bu münasibətlər çox sıxdır”. Bunu isə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov APA-ya söyləyib. Onun sözlərinə görə, Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas tərəfdaşlarından biridir. “Rusiya ilə Azərbaycanı bir çox ümumi maraqlar birləşdirir. Bizi ilk növbədə xalqlarımız arasında olan mədəni əlaqələr birləşdirir”, - deyə o qeyd edib.

Kremlin sözçüsü Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin də uğurla inkişaf etdiyini söyləyib: “İki ölkə arasında iqtisadi əməkdaşlıq mövcuddur. Xəzər dənizi hövzəsində də əməkdaşlıq edirik. Ən əsası, regionun sabitliyi və təhlükəsizliyi məsələlərində əməkdaşlıq edirik. Bütün bu sadaladıqlarım bizi birləşdirən ümumi maraqlardır. Bakı Moskvanın çox vacib həmsöhbəti və tərəfdaşıdır”.

Yaxın vaxtlarda Rusiyanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yüksək səviyyəli görüşün keçirilməsinin mümkünlüyü və Peterburq forumu çərçivəsində Putinin Ermənistan baş naziri ilə görüşündə münaqişənin həlli ilə bağlı hansısa konkret məsələnin müzakirə olunub-olunmaması barədə suala cavabında isə Peskov bu günlərdə bu mövzunun müzakirə olunmadığını bildirib.

******

Ən çox təəssüf doğuran da odur ki, əlində unikal imkanlar ola-ola, Rusiya Dağlıq Qarabağla bağlı gərəkən diplomatik fəallıq göstərmir. Halbuki bu ixtilafın nizamlanması iki dövlət arasında əlaqələri qat-qat yüksək səviyyəyə qaldırar, Azərbaycan cəmiyyətində Rusiyaya qarşı sarsılan inam-etibar bütünlüklə bərpa olardı. Sanki mövcud vəziyyət Ermənistan kimi Rusiyanı da qane edir.

Əksər analitiklərə görə isə Azərbaycan da, Rusiya da Qarabağ məsələsində, faktiki, yol ayrıcına gəlib: ya tezliklə mərhələli plan əsasında real sülh prosesi işə düşəcək, ərazilərin heç olmasa, müəyyən qismi azad edilməyə başlayacaq, ya da müharibə qaçılmazdır. Üçüncü yol - vəziyyəti dondurmaq yolu çoxdan iflas olub. Ancaq müharibə olmaya da bilər. Əgər Rusiya səmimi şəkildə müharibə istəmirsə, o zaman əlindəki unikal imkanları, nəhayət, işə salsın. Azərbaycan bunu artıq haqq edib.

Onu da nəzərə almaq lazımdır ki, Rusiya həm də Azərbaycanın əsas silah tədarükçülərindəndir. Eyni zamanda qardaş Türkiyə ilə də Rusiyanın əlaqələri ən müxtəlif istiqamətlərdə dərinləşməkdədir. Bura xüsusən də çoxmilyardlıq Akkuyu AES, “Türk axını” layihələri, silah ticarəti sahəsində çoxmilyardlıq anlaşmalar (S-4OO raket sistemləri, S-500-lərin birgə istehsalı ilə bağlı ilkin anlaşma və s.) daxildir. Həmçinin iki dövlət arasında ticarət dövriyyəsinin həcmi də ilbəil böyüyür.

Ankara habelə Yaxın Şərq (Suriya) məsələlərində Moskvanın mühüm tərəfdaşı sayılır. Qısası, Qərbin sərt sanksiyaları altında olan Rusiya üçün Türkiyə də hazırda heç vaxt olmadığı qədər vazkeçilməz ölkə, qiymətli siyasi tərəfdaş qismindədir. Bundan əlavə, V.Putinin həm Azərbaycan, həm də Türkiyə prezidentləri ilə çox isti münasibətləri var. Azərbaycanda, üstəlik, rus dilinə və mədəniyyətinə marionet Ermənistandan da yüksək dəyər verilir. Bu da önəmi faktordur.

*****

Sözü ona gətiririk ki, Azərbaycan günün birində öz qanuni ərazisini erməni işğalından azad etməyə başlasa, Moskva buna mane olmaqdan öncə Azərbaycanla yanaşı, Türkiyə ilə də çoxtərəfli strateji tərəfdaşlığın, bahalı layihələrin taleyini göz önünə almalı olacaq. Düşünmürük ki, Dağlıq Qarabağ ətrafındakı 1 rayonun qısa zamanda azad edilməsinə görə Moskva Azərbaycan və Türkiyə ilə əlaqələrin üstündən xətt çəksin, bölgənin bu iki vacib dövlətini həmişəlik itirmək istəsin - Gürcüstan kimi. Bu, istisnadır. Niyə?

Ona görə ki, bir rayonun, üstəlik, erməninin heç vaxt yaşamadığı bir rayonun azad olunması ilə Rusiya heç nə itirmir, onun regiondakı maraqları ziyan çəkmir. Eləcə də Moskvanın İrəvanla imzaladığı strateji müttəfiqlik müqavilələri, hərbi müqavilə, o sırada KTMT üzrə öhdəliyi pozulmur. Çünki Azərbaycan KTMT-nin məsuliyyət zonası olan Ermənistana hücum etməyə hazırlaşmır. Rusiya hərbi rəhbərliyinə daxil olan şəxslər də dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ KTMT-nin məsuliyyət sferası çərçivəsində deyil - erməni tərəf cidd-cəhdlə bunun əksini iddia eləsə də. Əgər Azərbaycan da KTMT-nin üzvü olsaydı, o ayrı məsələ. Hərçənd onda da Bakının izni olmadan Qarabağa heç bir xarici qüvvə müdaxilə edə bilməz.

Məsələnin praktik tərəflərinə gəlincə isə əlbəttə ki, Rusiya Dağlıq Qarabağdakı separatçı rejim üzərində ciddi söz sahibidir. Oradakı rejim daha çox Moskvaya tabedir, nəinki İrəvana. Separatçı-kriminal qurumun bütün keçmiş və indiki başçıları - Robert Köçəryan, Arkadi Qukasyan və Bako Saakyan bilavasitə Kremlə, Putinə yaxın adamlardır.

Köçəryanın həbsdən çıxması üçün Putinin hansı səyləri göstərdiyi məlumdur. Bu, həm də ona görədir ki, Köçəryan Qarabağdakı rejimə ciddi təsir imkanlarını saxlayır və Putinin oradakı açar adamlarından biridir.

Belədirsə, demək, Rusiya rəhbərliyi arzulasa, Dağlıq Qarabağdakı separatçı rejimi, elə Ermənistanı da asanlıqla ədalətli sülhə vadar edə bilər. O zaman böyük dağıdıcı müharibəyə lüzum qalmaz - hansı müharibə ki, Rusiyanın orta perspektiv maraqlarına real təhlükədir, çünki ən azından Türkiyə ilə münasibətlər Azərbaycana görə pozula bilər.

Odur ki, seçim indi İrəvandan çox Kremlindir. Bakının Kremlə gerçəyi son dəfə anlatmaq zamanı çatıb: ya dinc həllə real töhfə, ya da Azərbaycanın hərbi zəfərinə “dobro”. Gerisayım başlayıb...
“Yeni Müsavat”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA