REALXEBER.org
 Valyuta məzənnəsi

İcra başçılarının hamısının otaqlarında gizli kameralar quraşdırılıb - AÇIQLAMA

Tarix:26-02-2020, 11:06

İcra başçılarının hamısının otaqlarında gizli kameralar quraşdırılıb - AÇIQLAMA

Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyevin, ondan da əvvəl Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, həmçinin onların tabeliyində olan digər vəzifəli şəxslərin iş başındaykən, kabinetlərindəcə qandallanması Dövlət Təhlükəsizlik Xidmətinə xalq arasında inamı gücləndirir.

General Əli Nağıyev DTX-ya rəis təyin edildikdən sonra keçən müddətdə rüşvətxor icra başçılarına, xalqın narazı qaldığı məmurlara qarşı bu xüsusi xidmət orqanının apardığı əməliyyatlar cəmiyyətdə müsbət qarşılanır. Eldar Mahmudovun zamanında MTN-in itirilmiş nüfuzu, korlanmış imici Əli Nağıyevin gəlişindən sonra müsbətə doğru dəyişir.

Son həbslər DTX-ya cəmiyyətdə etimadı daha da artırıb. Hakim Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Mirzəzadə bu barədə "Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanın müasir tarixində ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarına çox uğurla rəhbərlik etdiyi dövr olub və bu gün də DTX xalqı, dövləti müdafiə eləyən orqan funksiyasını yüksək səviyyədə həyata keçirir:

"Heydər Əliyevin fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarına milli kadrlar cəlb edildi. Həmin dövrün Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycan xalqını cəzalandıran orqandan Azərbaycan xalqını müdafiə eləyən bir quruma çevrildi. Bu baxımdan Azərbaycan xalqı həmişə təhlükəsizlik orqanlarından Heydər Əliyevin rəhbərlik etdiyi, onun dövründəki fəaliyyəti gözləyir. Çox təəssüf ki, məlum keçmiş rəhbərlik dövlət təhlükəsizlik orqanının imicinə çox böyük zərbə vurdu.

Ona görə də bu zərbənin aradan qaldırılması üçün çox böyük işlər görülməli oldu. General Əli Nağıyevin rəhbərliyi ilə bu struktur müsbət imicini geri qaytarır. DTX xalqın, dövlətin təhlükəsizliyinin keşiyindədir. Bunlar hələ görünən hissəsidir. Görünməyən hissə Azərbaycanda xarici agenturaya qarşı mübarizədir, Azərbaycanın təhlükəsizliyinin bütün sahələrdə uğurla qorunmasıdır, hər bir vətəndaşın özünü güvəncli hiss etməsi əhval-ruhiyyəsinin yaradılmasıdır.

Aparılan iş, uğurlar cənab prezidentin tapşırığı ilə, onun göstərdiyi yolla aparılan fəaliyyətin nəticəsidir. Cənab prezidentin tapşırığı ilə Dövlət Təhlükəsizlik Xidmətinin rüşvətxorluğa, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı mübarizə aparması və ortaya çox yaxşı nəticələr qoyması, əlbəttə, bizləri, ölkə vətəndaşlarını sevindirməyə bilməz. DXN-nın bütün fəaliyyəti dövlətimizi gücləndirir. Xalqın bu quruma, dövlətinə inamını daha da artırır”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirdi ki, Dövlət Təhlükəsizlik Xidmətinin son zamanlar rüşvətxor icra hakimiyyəti başçılarına və məmurlara qarşı həyata keçirdiyi əməliyyatlar cəmiyyətdə həqiqətən də müsbət qarşılanır: "Prezident İlham Əliyevin də dediyi kimi, korrupsiya ölkəmiz üçün böyük təhlükədir. Bu həm də milli təhlükəsizliyimiz üçün böyük təhdiddir.

Ona görə də korrupsioner məmurlara qarşı əsas mübarizəni məhz Dövlət Təhlükəsizlik Xidməti aparır. Məmur rüşvətxorlar dövlətin sütunlarını zəiflədirlər. Misal üçün, Neftçalanın icra başçısı bütün məmurlardan rüşvət toplayırmış. Baş həkim həkimlərdən, təhsil idarəsinin rəhbəri isə məktəb direktorlarından rüşvət toplayırmış. Bu o deməkdir ki, həkimlər və müəllimlər də sadə insanlardan pul toplayırmışlar. Yəni hər mərhələdə cəmiyyətin sütunlarında rüşvət toxumu səpilirmiş.

Bu isə insanların dövlət idarəetməsinə inamını sarsıdırdı. Mən şübhə etmirəm ki, icra başçılarının hamısının otaqlarında gizli kameralar quraşdırılıb. Ancaq bəziləri o qədər harınlayıb ki, kameranı da vecinə almayaraq rüşvət toplayırlar. Məsələn, Neftçaladan əvvəl iki rayonun icra başçısı eyni cinayətə görə eyni üsulla həbs olunmuşdu. Buna baxmayaraq, Neftçalanın keçmiş icra başçısı rüşvətin toplanmasında ”ənənəvi" üslubda, yəni otağında pul toplayırdı. Eldar Mahmudov özü də korrupsioner idi.

Rüşvətə qurşanan məmur özü kimiləri həbs etməzdi. Ona görə də Eldar Mahmudovun dövründə oxşar əməliyyatlar həyata keçirilmirdi. Eldar Mahmudovun qanunsuz əməlləri cəmiyyətdə onun rəhbərlik etdiyi struktura inamı sarsıtmışdı. Eldar Mahmudovun cinayətkar bandası neytrallaşdırıldıqdan sonra prezident doğru olaraq kəşfiyyatı əks-kəşfiyyatdan ayırdı. Hazırda Əli Nağıyevin rəhbəri olduğu Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti mövcud dövlət strukturuna olan inamsızlığı ortadan qaldırıb. Buna baxmayaraq, həbsini gözləyən rüşvətxor məmurların sayı hələ kifayət qədərdir. Bu cür məmurlar və onların korrupsioner fəaliyyətləri erməni işğalı qədər Azərbaycan üçün təhlükəlidir. Xalq DTX-dan bu cür məmurlara qarşı mübarizəni daha da şiddətləndirməyi gözləyir".

Oxunub: 10

XƏBƏR LENTİ