Allahşükür Paşazadənin daha bir sarayı üzə çıxıb

Oxunma sayı: 524
23-02-2021, 23:37

Allahşükür Paşazadənin daha bir sarayı üzə çıxıb

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin Şüvəlanda inşa etdiyi böyük bağ evinin görüntüləri yayılıb.
Avropada yaşayan jurnalist Cavanşir Həsənli yazıb ki, sarayın giriş qapısının sol tərəfindən enli və dərin tunel başlayır: “Hara getdiyi bəlli deyil, amma uzunluğu 3 km dən çoxdur. Stalinin Kremldən “Blijnaya daça”ya çəkdirdiyi yeraltı yolun-tunelin eynisi…

4.5 hektarııq həyətin ortasında möhtəşəm bir tikili var, Azərbaycan xəritəsi formasında. 3 mərtəbə yerüstü, 3 mərtəbə yeraltı olmaqla 6 mərtəbədir… 3 mərtəbə yerüstü, 3 mərtəbə yeraltı…Nə bilim Şeyxdir də, iki dünyanın adamıdır”.

Onu da qeyd edək ki, bir müddət öncə də, araşdırmaçı jurnalist Cavanşir Həsənli Allahşükür Paşazadənin Çexiyadakı biznesini dayandırmaq qərarına gəldiyini yazmışdı.

Tanınmış jurnalist Cavanşir Həsənli özünün Facebook-dak profilində yazırdı: “Cənab Paşazadə Karlovı-Varı sərgüzəştləri ilə özünün mövqeyinə ciddi zərbə vurduğunun fərqinə varıb və siyasi hakimiyyətin də tövsiyyəsi ilə bu ölkədəki şirkətini birdəfəlik qapatmaq üçün Çexiya Ədliyyə Nazirliyinə müraciət edib.

Müraciəti MP İnternational şirkətinin meneceri Sergey Kopanev göndərib və müraciət ötən ayın 11-də icraata götürülüb.
Səbəb kimi şirkətin iflası göstərilir. Şeyx həzrətləri zirək tərpənib və 15 milyon kronluq aktivləri olan şirkətinin son bir il ərzində nə az-nə çox 18 miyon kron zərərə düşdüyünü qeyd edib.
Yəni bütün çulunu sudan quru çıxarmağa çalışır. Üstəlik də belə ehtimal var ki, Allahşükür Paşazadə Çexiyadakı kapitalını daha dərinə gizlətmək üçün İspaniyaya köçürür. Hansı ki, burada qudası Ali Evsenin də böyük biznesi var.

Bu həmin cənab şeyximizdir ki, bir vaxtlar Çexiyada mülkünün, şirkətinin olmadığını deyirdi. Deyirdi ki, "bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.

Amma şirkətə aid sənədlər ortaya çıxanda, sərgüzəştlər faş olanda Paşazadə həzrətləri tələm-tələsik şirkəti oğlunun adına keçirdi ki, izi itirsin, bu da keçmədi, şirkətin yenidən qeydiyyatı ilə bağlı sənədlər də ortaya çıxdı.

Xatırladım ki, Şeyx həzrətləri və qardaşı Cavanşir Paşazadə Aynur KV (Karlovı Varı) şirkətini hələ 2008-ci yanvarında Çexiyada qeydiyyatdan keçirmişdilər. 2017-ci ilin sentyabrında müvafiq sənədlər ictimailəşəndən sonra Şeyxülislam ötın ilin mayında şirkətin adını dəyişərək oğlu Məhəmməd Paşazadənin adına keçirmişdi”.

“Şeyxin Çexiyada 32 milyon 766 min kronluq sərvəti varmış. TƏXMİNƏN 1.5 MİLYON DOLLAR…Həm də bu sərvət təkcə bir şirkətə yatırılanıdır.

Allahşükür Paşazadəyə məxsus Aynur KV şirkətinin 2013 və 2014-cü illərdə Çexiya Ədliyyə Nazirliyinin reyestr xidmətinə təqdim etdiyi illik maliyyə sənədlərində bu fakt öz əksini tapıb. Əsasən daşınmaz əmlak alqı-satqısı və icarəsi ilə məşğul olmuş şirkəti məlumunuz olduğu kimi 1980-ci il təvəllüdlü Çexiya vətəndaşı Marketa Şpişakova idarə edib.

Marketa Şpişakova ixtisasca həkim diabetoloqdur və şəkərli diabetdən əziyyət çəkən Şeyxi müalicə edir. O, Bohemia – lázně Kriváň – Slovan sanatoriyasında, eləcə də atasının da həmtəsisçilərindən olduğu Karlovı Varı Balneoloji institutunda çalışır. Şeyx cənabları ildə bir neçə dəfə bu sanatoriyada müalicə alır. Məlumat üçün bildirim ki, 4 ulduzlu sanatoriyada lüks nömrədə qalmaqla ümumi müalicə bir nəfər üçün günlük 450-500 avro təşkil edir.

Şpişakovanın atası, 69 yaşlı Ladislav Špišákın adına hazırda 3 şirkət fəaliyyət göstərir. Bunlardan biri – Beverly Hills s.r.o. şirkətinin də cənab Allahşükür Paşazadəyə məxsus olması ciddi ehtimallardan biridir. Beverly Hills şirkətinin ofisi məhz Karlovy Vary, Škroupova 2077/19, PSČ 360 01 ünvanında yerləşir. Bu ünvan artıq hər kəsə bəlli olduğu kimi Şeyxin “iki qarajın üstündəki 24 kvadratlıq namaz otağı” adlandırdığı villasıdır.

Şirkət Aynur KV ilə eyni vaxtda təsis edilib. Beverly Hills s.r.o.-nun təsisçiləri sırasında Şpişakdan başqa Lüksemburqun Fidugest S.A. şirkətinin adı da keçir. Anonim şirkət olan Fidugest S.A. 75 faiz paya malikdir.

Qeydiyyat ünvanları Şeyxin villası olan şirkətlər təkcə 1.5 milyon dollarlıq sərvətə malik Aynur KV şirkəti və Şpişakovanın atasının adına qeydiyyatdan keçmiş Beverly Hills s.r.o. (s.r.o. MMC deməkdir) deyil. Burada Rusiya vətəndaşı Valery Onishchenkonun adına qeydiyyatdan keçirilmiş OSIRIS HEALTH SCIENCES s.r.o. və Çexiya vətəndaşı Vladimir Vurmun adına rəsmiləşdirilmiş Medical Spa Consulting s.r.o. şirkətləri də yerləşir. Şeyxə məxsus mülkdə qeydiyyata alınmış bu şirkətlərin də ona aid olduğu güman olunur.

Aynur KV şirkətinə gəlincə, o ötən ilin mayından MP International s.r.o. adı altında fəaliyyətini davam etdirir. Şirkətlə bağlı sənədlər mətbuatda açıqlanandan sonra Allahşükür Paşazadə və deputat qardaşı Cavanşir Paşazadə şirkəti Şeyxülislamın oğlu Məhəmməd Paşazadənin adına rəsmiləşdiriblər.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Paylaş
Xəbər lentİ