REALXEBER.org
 Valyuta məzənnəsi

Regionların inkişafı Astara rayonunun timsalında - FOTOLAR

Tarix:9-01-2020, 14:36

Regionların inkişafı Astara rayonunun timsalında - FOTOLAR

Müstəqil Azərbaycan dövlətinin uğurlu inkişaf strateqiyasının istiqamətlərini müəyyənləşdirərək bu günkü tərəqqiyə çatdıran ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yüksək məharətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmiz gündən-günə inkişaf edir, gözəl, abad, yaraşıqlı bir diyara çevrilir.

Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etdikcə əsasən neft sənayesindən dövlət büdcəsinə daxil olan gəlirlər qeyri-neft sektorunun inkişafına, o cümlədən mühüm sosial layihələrin həyata keçirilməsinə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilir. Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları paytaxt Bakı şəhəri ilə yanaşı bölgələrdə də böyük canlanmaya səbəb olmuşdur. Respublikanın bütün rayonlarında sürətlə aparılan tikinti-quruculuq və abadlıq işləri ilə şəhər, qəsəbə və kəndlərimiz gözəlləşir, insanların firavan yaşayışı üçün ideal şərait yaranır.

Astara rayonunda da son illərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir. Bu məqsədlə cənab prezidentin imzaladığı Sərəncamlarla ayrılan vəsait hesabına rayonun şəhər, qəsəbə və kəndlərində çoxlu tikinti-quruculuq, abadlıq işləri görülmüş, yüzlərlə yeni iş yerləri açılmışdır. Bu quruculuq işləri rayonun hüsnünə misilsiz gözəllik verir. Azərbaycanın dilbər guşələrindən biri olan Astaramız təbiətin bəxş etdiyi nadir gözəllikləri ilə yanaşı, insan əməyi ilə yaranan gözəllikləri ilə də fəxr edir. Son beş-altı ildə görülən işləri sadalamaqla qurtaran deyil.

Astara şəhərinin mərkəzində ən müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi, Gənclər evi, Astara Olimpiya-İdman kompleksi, Astara Boks Mərkəzi, 40-dan çox yeni tikilmiş, yaxud əsaslı təmir olunaraq istifadəyə verilmiş məktəblər, yenidən qurularaq əsaslı təmir olunan Astara Rayon Mərkəzi xəstəxanası, yeni tikilmiş inzibati idarə və yüksək səviyyədə təmir edilmiş ictimai yaşayış binaları, 10 kilometrlərlə şəhərdaxili və kənd ara yolları, Astara şəhərinə çəkilən içməli su şəbəkəsi, rayon ərazisindən keçən çaylarda aparılan sahilbərkitmə işləri... Bundan əlavə Astara şəhərinin prospekt və küçələrinin yenidən qurularaq müasir işıqlandırma sistemi ilə təmin edilməsi, çoxmərtəbəli ictimai yaşayış binaların dam örtüklərinin dəyişdirilməsi, fasad və bloklarının təmir edilməsi son illər görülən işlərdir.

Regionların inkişafı Astara rayonunun timsalında - FOTOLAR

Azərbaycanın cənubdan giriş qapısı olan Astara ryonunda əsaslı şəkildə yenidənqurma işləri sürətlə davam edir. Təkcə bu il Səncərədi kəndində yeni uşaq bağçası, Kijəbə qəsəbəsində uzunluğu 2 km olan, 150 ev təsərrüfatını suvarma suyu ilə təmin edən su xətti çəkilmiş, Ərçivan qəsəbəsində çəltik emalı zavodu və çəltik dəyirmanı, Motalayataq kəndində tibb məntəqəsi, 360 şagird yerlik Burzubənd kənd tam orta, Qapıçıməhəllə kənd ümumi orta, Şəmətük, Dolu, Lomin və Dürriyə kənd ibtidai məktəb binaları, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş, Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yoluna asfalt çəkilmişdir. Hazırda torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşümüş şəxslər üçün 36 mənzilli yaşayış binasının tikintisinə başlanmış, “Zirvə” beynəlxalq idman klubu tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün basketbol meydançası və idman zalının, Siyaku kəndində bal emalı məntəqəsinin tikintisi yekunlaşmaq üzrədir.

Xəzər dənizi sahilində salınan park-bulvar kompleksi və rayonun ən ucqar dağ kəndlərinə çəkilən avtomobil yolları isə bir ayrı mənzərədir. Son illər rayon ərazisində ümumilikdə 150 kilometrdən çox avtomobil yolu asfaltlaşdırılmışdır. Xüsusilə rayonun ən ucqar dağlıq əraziləri olan, mərkəzdən 35-45 km aralıda yerləşən, 30 min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş, Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi Astaramızın tarixində unudulmaz hadisələrdəndir.

Yüksək səviyyədə tikilərək asfaltlaşdırılan avtomobil yolları rayonun aranlı-dağlı bütün yaşayış məntəqələrini birləşdirir. İllərlə böyük əziyyətlə piyada getdiyimiz dağ yollarını indi ən müasir maşınlarla rahat və təhlükəsiz gedirik. Şəraitsizliyə görə ucqar kəndləri tərk edən gənclərimiz doğma kəndlərinə qayıdır, yeni müasir tipli evlər, ticarət obyektləri, istirahət guşələri tikilir, səfalı dağlar qoynuna gələn turistlərin sayı günbəgün artır.

Cənab Prezidentin Sərəncamı ilə mövcud olduğu tarixi ərzində elektrik xətti olmayan Şəvqo, Dolu, Diqo, Avyarud, Sibiyyət, Sekəşan kəndlərinə elektrik xətti çəkilmiş, yenicə elektrik enerjisi verilişinə başlanmışdır. Artıq uşaqlar hisli neft lampasının közərən işığında deyil, çıraqban elektrik işığında dərslərinə hazırlaşır, sakinlər müasir elektrik avadanlıqlarından məişətdə rahat istifadə edə bilirlər. Hazırda sıldırım qayaların qoynunda, çətin relyefdə yerləşən Dolu və Diqo kəndlərinə avtomobil yolunun çəkilişi üçün ən müasir texnikalar səfərbər edilmiş, yol çəkilişinə başlanmışdır. Bu kəndlərin tarixində bu da bir ilkdir. Bu avtomobil yolları təkcə Dolu və Diqo kəndlərini deyil, bu istiqamətdə yerləşən və heç vaxt yolu olmayan daha bir neçə dağ kəndini birləşdirəcək, burada yaşayan insanların əzablarına son qoyulacaq. Həlli mümkünsüz görünən bu problemin həllini görəndə, daim yolsuzluqdan əziyyət çəkən sakinlər indi şadyanalıq edir, bir-birinə təbriklər söyləyirlər. Nadir təbiəti ilə seçilən dağ kəndlərinə yeni salınan yollar bu yerlərin sakinlərinə xoşbəxtlik gətirən yeni həyat mənbəyinə çevrilibdir. Ağır texnika nəhəng, keçilməz sal qayaları yara-yara sanki öz ardınca rahatlıq, firavanlıq gətirir bu dağlara. İllərdir həsrətində olduqları ən böyük arzularına çatan sakinlər - kiçikdən böyüyə hər kəs bu rahatlığa, firavanlığa görə, Vətənə, Vətənin hər bir guşəsinə hədsiz sədaqətlə yanaşan, hər bir vətəndaşını böyük məhəbbətlə sevərək, yüksək diqqət və qayğıyla əhatə edən cənab Prezidentə sonsuz məhəbbətlərini, dərin minnətdarlıqlarını bildirirlər.
Regionların inkişafı Astara rayonunun timsalında - FOTOLAR
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonda aparılan bütün tikinti-quruculuq işlərinə şəxsən nəzarət etməsi, iş icraçılarına tez-tez baş çəkərək problemlərlə maraqlanıb tövsiyə və tapşırıqlarını verməsi, həmin işlərin daha keyfiyyətlə və vaxtında icrasına səbəb olur.

Müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.

İnsanların xəyallarına gətirmədiyi bu cür möhtəşəm layihələrin reallaşması, ən ucqar kəndlərimizin hərtərəfli, sürətli inkişafı, cənab Prezidentin ölkə vətəndaşlarına olan hədsiz diqqət və qayğısının davamlı sübutu, müstəqil Azərbaycanımızın sürətli inkişafının bariz nümunəsidir.

Tikinti-quruculuq sahəsində rayonda həyata keçirilən ən böyük layihələrdən biri də Xəzər dənizi sahilində hektarlarla bataqlığa çevrilmiş kol və qamışların örtdüyü ərazinin qurudularaq abadlaşdırılması, ən müasir memarlıq üslubunda dənizkənarı park-bulvar kompleksinin salınmasıdır. Burada İran sərhədinə yaxın ərazidə Azərbaycan bayrağının dalğalandığı Bayraq meydanı, mğhtəşəm qala divarı, şəlalə, fantan, fitnes və uşaq əyləncə meydançası tikilmişdir. Atçılıq mərkəzi, avtokartinq meydançası, velosiped zolağı, kafe çay evi, karusellərin xidməti ilə burada insanlar mənalı istirahət edir, asudə vaxtlarını səmərəli keçirirlər.

Park-bulvarın şöhrəti nəinki respublikamızda, onun hüdudlarından kənara da yayılmışdır. Qonşu ölkələrlə yanaşı, hətta Avropa ölkələrindən hər il yaz-yay mövsümündə minlərlə turist və rayona gələn qonaqlar dənizkənarı park-bulvarda fəaliyyət göstərən kotteclərdə, hotellərdə və digər xidmət obyektlərində istədikləri kimi istirahət edə bilirlər. Hazırda park-bulvarın ətrafında müasir turizm infrastrukturları – mehmanxana və hotellər tikmək, idman-əyləncə obyektləri yaratmaq, çoxmərtəbəli ictimai yaşayış binaları, iaşə obyektləri inşa etməklə yeni iş yerlərinin açılması üçün tədbirlər planlaşdırılır.
Regionların inkişafı Astara rayonunun timsalında - FOTOLAR

Park-bulvarın salınması, tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan gözəl və saf təbiətə malik ucqar dağ kəndlərinə asfalt yolların çəkilməsi ilə rayona gələn turistlərin sayı ildən-ilə artır. Böyük turizm potensialı olan, mülayim subtropik iqlimə malik rayonumuzda Xəzər dənizi sahilində çimərliklər, Sım, Ağkörpü, Asxanakəran, Toradi kəndlərində, İstisuda termal sular, nadir təbii landşaft və təbiət abidələri vardır. Rayon üzrə müəyyən edilmiş turizm marşrutları əsasən daşınmaz tarix və mədəniyyət abidələri, tarixi yerlər, ziyarətgahlar, inanc yerləri ilə yanaşı eyni zamanda, nadir el sənətkarlığının, qədim adət ənənələrinin və folklorunun qorunduğu, inkişaf etdiyi yaşayış məntəqələrindən keçir. Bu yaşayış məntəqələrinin yol infrstrukturunun yaxşılaşdırılması nəticəsində kənd-yaşıl turizmi və mədəni turizmin inkişafına geniş imkanlar açılmışdır.

Beynəlxalq əhəmiyyətli Ələt-Astara avtomobil yolunun tikintisi Respublikada, o cümlədən, regionlarda turizmin, kənd təsərrüfatının və iqtisadiyyatın bütün sahələrinin inkişafına sanballı töhfəsini verməkdədir. Yol istifadəyə veriləndən sonra Lənkəran hava limanından Astara şəhərinə qədər məsafə 15 dəqiqə təşkil edir ki, bu da rayona gələn turistlərin işini xeyli asanlaşdırmışdır.
Regionların inkişafı Astara rayonunun timsalında - FOTOLAR

Hazırda icrasına başlanmış ən böyük layihə cənab Prezidentin sərəncamı ilə Bakı-Astara dəmir yol xəttinin Xəzər dənizi sahilindən Ələt-Astara magistral yoluna paralel köçürülməsi işidir. Bununla dəniz sahili genişlənəcək və dənizlə sərhəd aradan qaldırılaraq ərazidə infrastruktur layihələr həyata keçiriləcək.

Astara şəhərinin su təchizatının yaxşılaşdırılmasından ötrü Xanbulançay su anbarından çəkilən içməli su xətti layihəsi də son illərin həllini tapmış mühüm sosial məsələlərdən biridir. Astara şəhərindən sonra xətt boyunca yerləşən bütün yaşayış məntəqələrinə su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, bundan ümumilikdə 100 min nəfərdən çox sakin faydalanacaqdır. Hazırda rayonun 27 kəndinə magistral kəmərdən çıxışlar verilmiş, digər kəndlərə su xəttinin çəkilişi davam etdirilir.

Tkinti-quruculuq işlərinin özəl sektorda aparılması üçün də sahibkarlar və iş adamlarına hər cür imkan yaradılmışdır. Şəhərin mərkəzində tikilib istifadəyə verilən 9 mərtəbəli ictimai yaşayış binası, park-bulvar kompleksinə yaxın ərazidə tkilən kotteclər, hazırda burada inşa edilən dörd ulduzlu hotel, ayrı-ayrı ərazilərdə salınan turizm istirahət yerləri, onlarla müasir tipli ticarət evləri və digər tikililər dediyimizə sübutdur.

Rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri ilə yanaşı aqrar sahənin inkişafına da diqqət artırılmışdır. Cənab Prezidentin kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi ilə əlaqədar tövsiyə və tapşırıqlarına əsasən rayon rəhbərliyinin sahibkarlar, fermerlər və iş adamları ilə görüşlər keçirməsi, onların maneəsiz fəaliyyət göstərmələri üçün imkanlar yaratması, mövcud problemlərin operativ həll olunması üçün konkret və əməli tədbirlər görməsi illərdən bəri istifadəsiz qalan torpaq sahələrinin böyük hissəsinin dövriyyəyə qaytarılmasına səbəb olmuş, bu il rayonda ümumilikdə 3185 ha sahədə əkin aparılmışdır.

Sitrus meyvələrinin istehsalına diqqətin artırılması sayəsində sitrus bağlarının ümumi sahəsi 4120 hektara çatdırılmışdır. Sitrus meyvəçiliyinin daha səmərəli və məhsuldar inkişafını təmin etmək məqsədilə xarici ölkələrdən rayonumuza yeni sort tinglər gətirilmiş, əkilməsi təmin edilmişdir. Bu tinglər yüksək məhsuldarlığı və şaxtaya davamlılığı ilə seçilən “Myaqava”, “Satsoma” və başqa narıngi və limon ağaclarıdır. Gələcəkdə bu və digər daha məhsuldar sortların artırılması, yeni innovativ üsulların tətbiqi istiqamətində tədbirlər həyata keçirilir. Bu məqsədlə maarifləndirici tədbirlərin keçirilməsi ilə xaricdən dəvət edilmiş ixtisaslı mütəxəsislərin təcrübəsinin rayonumuzda öyrənilməsinə də xüsusi önəm verilir. Ötən il Türkiyə Respublikasından dəvət edilən mütəxəssislər fermer və fərdi təsərrüfat sahibləri ilə görüşərək sitrus bitkilərinə aqrotexniki qulluğun göstərilməsi, xəstəlikləri və bu xəstəliklərlə mübarizə tədbirlərindən danışmış, fikir mübadiləsi aparmış, tövsiyələrini vermişlər.

Rayonumuz üçün əsas perspektivli sahələrdən biri olan çayçılığın inkişafında əldə edilən nailiyyətlər də sevindiricidir. Rayonumuzda yeni çay emalı fabrikinin tikilib istifadəyə verilməsi, həmin fabrikdə işlərin təşkili ilə şəxsən ölkə başçısı İlham Əliyevin maraqlanması, Astara çayının şöhrətinin daha da artırılması üçün verdiyi tövsiyə və tapşırıqlar bu perspektivli sahənin inkişafına möhkəm zəmin yaratmışdır. Rayonun 345 hektar çay sahəsinin məhsuldar olan 197 hektarından bu il 417 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilmişdir. İlboyu fəaliyyət göstərən “Astaraçay” fabrikində Yaponiya və Koreyadan gətirilən texnologiyalarla istehsal edilən yüksək keyfiyyətli, ekoloji təmiz Astara çayı Moskva və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə mükafata layiq görülmüş, Dubayda keçirilən sərgidə nümayiş olunmuşdur. Bakıda və Respublikanın digər bölgələrində müxtəlif satış nöqtələri var ki, orada Astarada istehsal olunan çay məhsulları satılır.
Regionların inkişafı Astara rayonunun timsalında - FOTOLAR

Son zamanlar kivi bitkisinə maraq xeyli artmış, rayonun ayrı-ayrı yaşayış məntəqələrində fərdi və fermer təsərrüfatlarında 126 hektarda kivi bitkisi əkilmişdir.

Rayonda ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 112 nəfər özünüməşğulluq layihəsinə cəlb edilmiş, 2020-ci ilin özünəməşğulluq layihəsində iştirak etməkdən ötrü 400 nəfər müraciət etmişdir.

Bu ilin noyabr ayında İDEA İctimai Birliyinin təşəbbüsü ilə rayon ərazisində salınan sosial bağda 2 ha ərazidə 1250 ədəd feyxoa bitkisi əkilərək sosial vəziyyətlərini yaxşılaşdırmaqdan ötrü 1 nəfər şəhid ailəsi, 1 nəfər Qarabağ əlili və daha 1 nəfər aztəminatlı ailəyə təhkim olunmuşdur.

Aqrar sahədə əldə olunmuş nəticələr ölkə başçısı cənab İlham Əliyevin qəbul etdiyi qərarlara əsasən bütün sahələrə dövlətin dəstəyinin gücləndirilməsi, istehsalçılara verilən subsidiyaların miqdarının artırılması və möhtərəm Prezidentin tapşırıqlarına uyğun olaraq həyata keçirilən təşkilati işlər, əhali arasında aparılan geniş izahat və maarifləndirmə tədbirləri sayəsində mümkün olmuşdur.

Rayonda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlara xüsusi həssaslıqla yanaşılır. Son illər növbə əsasında 27 nəfər şəhid ailəsi, 35 nəfər Qarabağ əlili, 7 nəfər Çernobıl əlili, 1 nəfər Əfqanıstan əlili üçün fərdi yaşayış evi ilə təmin olunmuş, 5 şəhid ailəsi və 5 Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evlərinin tikintisi davam etdirilir.

Gənclərlə iş dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi, təhsili, məşğuliyyəti, dünyagörüşünün formalaşdırılması, asudə vaxtının səmərəli təşkili istiqamətində zəruri tədbirlər görülür. Rayonda gəncliklə əlaqədar tədbirlərin – orduya yola salma, ordudan tərxis olunan gənclərlə, tələbə adını qazanmış gənclərlə görüşlər, “Gənclər günü”nün qeyd edilməsi ənənəvi hal almışdır. Bu tədbirlərdə gənclərin qayğıları, problemləri ilə maraqlanır, onları həyatda düzgün istiqamətləndirmək üçün məsləhətlər verilir. Rayon rəhbərliyi hər il hərbi məktəblərə qəbul olan yeniyetmə və gənclərlə görüşərək onları maddi və mənəvi cəhətdən həvəsləndirir, təhsil almasına hər cür köməklik göstərir. Aparılan maarifləndirmə nəticəsində erkən nikah ləğv edilmiş, gənclər arasında dini radikalizmə meyl edənlər, ordudan yayınan, fərarilik edən ümumiyyətlə olmamışdır. Gənclərimiz ordu sıralarına həvəslə gedir, hərbi xidmətlərini şərəflə yerinə yetirirlər.
Regionların inkişafı Astara rayonunun timsalında - FOTOLAR

Hər bir gəncin cənab Prezidentin onlara hədiyyə etdiyi Gənclər Evinin, Heydər Əliyev Mərkəzinin, Olimpiya İdman Kompleksinin və digər idman qurğularının imkanlarından yararlana bilməsi üçün lazımi şərait yaradılmışdır. Rayon gənclərinin ölkəmizdə keçirilən müxtəlif intellektual yarışlarda uğurla iştirak etməsi, yeniyetmə və gənclərin təkcə bu il beynəlxalq miqyaslı idman yarışlarında 29 medal qazanması sevindiricidir. Rayonda yeni təşkil olunmuş kişilərdən ibarət “Zirvə Astara” basketbol komandasının Azərbaycan çempionatında uğurlu çıxışı da diqqət çəkən məqamlardandır.

İdman sahəsində Astara gənclərinin Respublika səviyyəsində əldə etdiyi uğurları barədə fərəhlə söhbət açmaq olar. Rayon mərkəzində fəaliyyət göstərən Olimpiya İdman Kompleksində, Ərçivan qəsəbəsində son illərdə tikilib istifadəyə verilən Boks Mərkəzində və digər idman obyektlərində hər gün yüzlərlə gənc idmanın müxtəlif növləri ilə məşğul olur. Astara şəhərində dəniz kənarında yeni inşa edilən “Zirvə” idman və sağlamlıq mərkəzində beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək idmançıların hazırlıq məşqləri keçirməsi üçün ideal şərait yaradılmışdır. Burada fəaliyyət göstərən məşq salonlarında xaricdən gətirilmiş avadanlıqlardan istifadə etməklə gənclərimiz təlim-məşqlər keçirlər. Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı onların Respublika və Beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etməsi üçün şərait yaratmış, qazanılan nailiyyətlərin sayı xeyli artmışdır.

Yeri gəlmişkən qeyd edim ki, artıq iki ildir 6-14 yaşlı məktəblilər arasında keçirilən Respublika Şahmat Olimpiadası Astara Olimpiya İdman Kompleksində yüksək səviyyədə hazırlanaraq keçirilir.

“Nəsimi ili”ndə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar rayonun dənizkənarı park-bulvar kompleksində keçirilən musiqili ədəbi-bədii kompozisiyada məktəbli, yeniyetmə və gənclər həvəslə iştirak etmiş, onların ifasında səslənən qəzəllər və muğam parçaları rəğbətlə qarşılanmışdır.

Rayonda savadlı, iş bacarığı yüksək olan gənclərin irəl çəkilməsi, onların ayrı-ayrı idarə və müəssisələrdə işlə təmin edilməsinə xüsusi önəm verilir. Bunun nəticəsidir ki, rayon icra hakimiyyəti başçısı aparatı da daxil olmaqla, əksər idarələrdə aparıcı vəzifələrdə gənclər üstünlük təşkil edir.

Regionların inkişafı Astara rayonunun timsalında - FOTOLAR

Rayonumuzda son illərdə səhiyyə sahəsində sürətli inkişaf diqqəti cəlb edir. Pəlikəş kəndində yeni xəstəxana tikilib istifadəyə verilmiş, Kijəbə qəsəbə, Pensər kəndində xəstəxanalar əsaslı təmir olunmuş, yenidən qurulan rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. Fəxrlə demək olar ki, respublikanın bölgə xəstəxanaları arasında ilk dəfə olaraq rayon Mərkəzi xəstəxanasında böyrək köçürmə əməliyyatı keçirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər il bütün respublikada olduğu kimi rayonumuzda da əhalinin tibbi müayinəsi keçirilir. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən bu xidmətdən əhalinin böyük əksəriyyəti yararlanır. Bundan əlavə cari ildə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Onkologiya Mərkəzinin və digər tibb müəssisələrin ixtisaslı həkimləri ayrı-ayrı vaxtlarda rayona ezam olunmuş, əhalinin pulsuz müayinə və müalicəsini həyata keçirmişlər. Ölkə rəhbərinin əhalinin tibbi müayinəsinin təşkili ilə əlaqədar verdiyi tapşırıqlardan razı qalan sakinlər bu diqqət və qayğıya görə möhtərəm Prezidentə minnətdarlıqlarını bildirirlər.
Regionların inkişafı Astara rayonunun timsalında - FOTOLAR

Rayon icra hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar görüş-qəbullar əhali ilə səmimi ünsiyyətin yaranmasına səbəb olmuşdur. Rayonun ən ucqar dağ kəndləri, kiçik yaşayış məntəqələrində ayda 4 dəfədən az olmayaraq keçirilən səyyar qəbullar rayon rəhbərliyi üçün bir iş rejiminə çevrilmişdir. Bu tədbirlər sakinləri narahat edən məsələlərin müəyyən edilərək operativ və yerində həlli üçün ən səmərəli iş formasıdır.

Əvvəllər daha qabarıq şəkildə qaldırılan problemlər artıq öz həllini tapmışdır. Yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik təchizatının, içməli və suvarma su ilə təminatının yaxşılaşdırılması, kəndarası avtomobil yollarının təmiri, yeni təhsil müəssislərinin tikintisi və sair bu kimi sualların ümumi problemlərin sırasında xüsusi çəkisi xeyli azalmışdır. Hazırkı tələblərin ucqar kəndlərdə də sürətli internet şəbəkəsinin yaradılması, müasir marşrut avtobuslarının təşkili kimi məsələlərdən ibarət olması ölkəmizdəki yüksək inkişaf və tərəqqinin göstəricisidir.
Regionların inkişafı Astara rayonunun timsalında - FOTOLAR

Bəli, Astaramız gündən-günə gözəlləşir. Təkcə rayonumuzda deyil, bütün bölgələrdə aparılan nəhəng tikinti və quruculuq işləri ölkə rəhbəri möhtərəm Prezidentimizin xalqımıza göstərdiyi hədsiz qayğı və diqqətinin parlaq təzahürüdür. Bu yüksək inkişafı seyr etdikcə, müstəqil, qüdrətli Azərbaycanımızın bugünkü yüksək inkişafından sevinir, qürurlanır, ölkə rəhbərinə alqış keçir ürəyimizdən. Ölkəmizin gücünü, qüdrətini dünyaya, həmçinin bizi istəməyən bədxahlara göstərmək üçün heç bir sübuta ehtiyac yoxdur. Sadəcə paytaxtdan xeyli uzaqlarda ən ucqar kəndlərimizdə hər cür sosial qayğı iklə əhatə olunmuş, rahat, firavan həyat yaşayan sakinlərin məsudluğunu görmək kifayət edər.

İnanırıq ki, ölkəmizdəki siyasi sabitlik, iqtisadi yüksəliş və öz Prezidentinə hədsiz inanan xalqla rəhbərin sıx birliyi bundan sonara da müstəqil dövlətimizi daha böyük inkişafa, xalqımızı firavanlığa qovuşduracaqdır.

Mərasim Hacızadə
Oxunub: 5



XƏBƏR LENTİ